Whoops, your device has lost connection. The web page you are viewing is offline.

22 aprel 2022-ci il tarixində Assosiasiyanın təqdimat mərasimi keçirildi.

27.07.2022

22 aprel 2022-ci il tarixində Assosiasiyanın təqdimat mərasimi keçirildi.

Son illərdə dünya ölkələrində kibertəhlükəsizlik sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması və strateji məqsədlərə nail olmaq üçün onların fəaliyyətindən geniş istifadə olunması təcrübəsi nəzərə çarpır. Azərbaycanda da kibertəhlükəsizlik sahəsindəki mövcud problemləri, ehtiyacları, xüsusilə bu istiqamətdəki beynəlxalq təcrübəni nəzərə aldığımızda oxşar təşəbbüslərə ehtiyac olduğu aydın olur.

Xüsusilə son illərdə ölkə rəhbərliyi tərəfindən yüksək texnologiyalar və rəqəmsallaşma sahəsində idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Görülən işlər kibertəhlükəsizliyin Azərbaycan üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, bu sahə ilə bağlı görülən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahələrin inkişafına böyük önəm veriləcəyini bir daha təsdiqləmişdir.

Bu gün Azərbaycanda yüksək texnologiyaların və rəqəmsallaşmanın inkişafı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsini, ölkəmizin əmək bazarını milli kadr potensialı və mütəxəssislərlə təmin etməyi və bu istiqamətdə müxtəlif təşəbbüslərin, o cümlədən fəaliyyətlərin həyata keçirilməsini zəruri edir. 

Kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin zəruriliyini nəzərə alaraq 22 fevral 2022-ci il tarixində informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən mütəxəssislərin və təşkilatların vahid platforması olan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təsis edilib.

22 aprel 2022-ci il tarixində isə Assosiasiyanın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. “Marriott” oteldə baş tutacaq tədbirə rəsmi qonaqlarla yanaşı, Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri, müxtəlif mütəxəssislər, yerli və xarici qonaqların da iştirakı gözlənilir. Tədbirdə Assosiasiyanın nizamnaməsi, məqsədləri və fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat veriləcək.

Azərbaycanda İT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər, təşkilatlar və mütəxəssisləri vahid platformada birləşdirməyi hədəfləyən Assosiasiyanın əsas məqsədləri Azərbaycanda kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin kordinasiyası və ölkədə bu sahənin inkişafına dəstək verilməsidir.

Assosiasiya həmçinin kibertəhlükəsizlik sahəsində innovativ layihələrin, texniki resurs və proqram təminatlarının hazırlanmasını, Azərbaycanın beynəlxalq reytinq və hesabatlarda mövqeyinin gücləndirilməsini və kibertəhlükəsizlik sahəsində mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillərin aparılması vəzifələrini icra edəcək.

Qarşıya qoyduğu məqsədləri reallaşdırmaq üçün Assosiasiyanın kibertəhlükəsizliyin təmini ilə əlaqədar layihə və proqramların, tədbir və təkliflərin hazırlanmasını, müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsini, ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsini həyata keçirməsi və informasiya cəmiyyətinin inkişafına dəstək verməsi nəzərdə tutulur.

Assosiasiya qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, bu sahədə elmi-texniki nailiyyətlərin tətbiqinə dəstək verilməsi ilə yanaşı, kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlandırmanın həyata keçirilməsini, milli maraqları əleyhinə təbliğat və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı mübarizədə müvafiq təkliflərin verməsini və bu istiqamətdə görülən işlərin əlaqələndirilməsini təmin edəcək.

© Bütün hüquqlar qorunur 2022 - 2024