Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

02.12.2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

31 oktyabr 2022-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Açılış nitqində AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli tərəfindən hazıradək AKTA tərəfindən görülmüş işlər, keçirilmiş görüşlər, tədbirlər, o cümlədən qazanılmış nailiyyətlər barədə məlumat verildi.

Daha sonra, iclas iştirakçılarının təklif və fikirləri, habelə müxtəlif mövzular üzrə təqdimatlar dinlənildi. Təqdimatlar zamanı kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkətlərdən, mütəxəssislərdən, eləcə də bu sahədə ixtisaslaşmaq niyyətində olan şəxslərdən ibarət milli kiber icmaların və platformaların formalaşdırılması, bu icmaların ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərə daha yaxından cəlb olunması, kiber icma üzvləri arasında koordinasiyanın, habelə kommunikasiya imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Milli kadr potensialının gücləndirilməsi məqsədilə kibertəhlükəsizlik üzrə spesifik sahələrdə müvafiq biliklərə məxsus gənclərin də kiber icmalar vasitəsilə vahid platformada birləşdirilməsinin, habelə gənclərin birgə fəaliyyət göstərə bilməsi üçün  zəruri resurslarla təmin olunması istiqamətində tədbirlərin görülməsinin əhəmiyyəti vurğulandı.

İclas zamanı Rahid Ələkbərli öz peşəkar fəaliyyətinə davam etməsi ilə əlaqədar olaraq AKTA-nın fəaliyyəti üzrə səlahiyyətlərinin İdarə Heyətinin digər üzvlərindən birinə ötürülməsini təklif etdi. İdarə Heyətinin üzvləri arasında aparılmış müzakirələr zamanı İdarə Heyətinin sədri vəzifəsinin “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanova həvalə olunması barədə səsvermə yolu ilə yekdilliklə qərar qəbul edildi.

Elvin Balacanov AKTA-nın gələcək fəaliyyət planının formalaşdırılması, görüləcək işlər barədə ilkin təkliflərini İdarə Heyətinin diqqətinə çatdırdı. Eyni zamanda, AKTA-nın gələcək fəaliyyətində kibertəhlükəsizlik sahəsində tədqiqat və inkişaf istiqaməti üzrə tədbirlərin də genişləndirilməsinin məqsədəuyğunluğunu bildirdi.

Baş tutan toplantıda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış və Assosiasiyada təmsil olunan “Simbrella”, “Cyberpoint”, “AzeRobot”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies” və “PNetworks” kimi yerli və xarici şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

İclasın sonunda Rahid Ələkbərli hər kəsə təşəkkürünü bildirdi və Assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzu etdi. Sonda iştirakçılarla xatirə şəkli çəkildi.

© Bütün hüquqlar qorunur 2022 - 2024