Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Ümumi Yığıncağının iclası keçirilib.

02.12.2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Ümumi Yığıncağının iclası keçirilib.

10 noyabr 2022-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Ümumi Yığıncağının iclası keçirilib. İclas iştirakçıları tərəfindən iclasın sədri və katibi müəyyənləşdirildikdən sonra iclas gündəliyi üzrə AKTA-nın İdarə heyətinin sədri vəzifəsini icra edən Elvin Balacanov AKTA tərəfindən hazıradək icra olunmuş tədbirlərə dair hesabat, o cümlədən icra olunan cari işlərə dair məlumatları təqdim etdi. İclas iştirakçıları tərəfindən AKTA-nın əvvəlki dövr üzrə fəaliyyəti, o cümlədən cari fəaliyyəti müsbət qiymətləndirilmiş və AKTA-nın gələcək fəaliyyəti üzrə təkliflər səsləndirilmişdir.

Daha sonra, Ümumi Yığıncaq iştirakçıları arasında AKTA İdarə Heyətinin sədrinin seçilməsi məqsədilə müzakirələr həyata keçirildi. İclas iştirakçıları tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə 31.10.2022-ci il tarixindən İdarə Heyətinin qərarı ilə bu vəzifəni icra edən “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanovun namizədliyi dəstəkləndi. Ümumi Yığıncağın iştirakçıları arasında keçirilmiş səsvermə nəticəsində E.Balacanovun AKTA-nın İdarə Heyətinin sədri vəzifəsinə seçilməsinə dair yekdil qərar qəbul edildi.

İclas iştirakçıları tərəfindən AKTA-nın gələcək fəaliyyətinin qurulması ilə bağlı ilkin təkliflərin müzakirəsi zamanı gələcəkdə kibertəhlükəsizlik sahəsində spesifik tədqiqatların həyata keçirilməsi və dəstəklənməsi məqsədilə AKTA Tədqiqat Mərkəzinin formalaşdırılmasının əhəmiyyəti qeyd olundu. Tədqiqat mərkəzinin formalaşdırılması üçün zəruri tədbirlərə, eləcə də əsas tədqiqat istiqamətlərinə dair təkliflər səsləndirildi. İclas iştirakçıları tərəfindən təklifə münasibət bildirilərək kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış tədqiqat mərkəzinin formalaşdırılmasının ölkənin müvafiq sahədə milli potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olundu və beləliklə, tədqiqat mərkəzinin formalaşdırılmasının məqsədəuyğun olduğu qənaətinə gəlindi.

Bununla yanaşı, Ümumi Yığıncağın iclasında milli kadr potensialının gücləndirilməsi məqsədilə kibertəhlükəsizlik üzrə spesifik sahələrdə müvafiq biliklərə məxsus gənclərin, könüllülərin və mütəxəssislərin kiber icmalar vasitəsilə vahid platformada birləşdirilməsinin, habelə gənclərin birgə fəaliyyət göstərə bilməsi üçün zəruri resurslarla təmin olunması istiqamətində tədbirlərin görülməsinin əhəmiyyəti vurğulandı. Eyni zamanda, AKTA Könüllülük proqramlarının təsis olunması, kibertəhlükəsizlik sahəsində könüllülük fəaliyyətinin və təşəbbüslərin dəstəklənməsi istiqamətində təkliflər iclas iştirakçıları tərəfindən dəstəkləndi.

Kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığı, eləcə də ölkənin müvafiq qanunvericiliyinin tətbiqi ilə əlaqədar yaxın gələcəkdə ixtisaslaşmış kadrlara olan ehtiyacın sürətlə artacağı nəzərə alınaraq, Ümumi Yığıncaq iştirakçıları tərəfindən həmçinin AKTA-nın kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış təlim və tədris mərkəzinin də formalaşdırılmasının ölkənin milli kadr bazasının zənginləşdirilməsinə xidmət edəcəyi ilə bağlı fikirlər səsləndirildi və beləliklə, bu istiqamətdə də tədbirlərin həyata keçirilməsi üçün ilkin təkliflər diqqətə çatdırıldı.

Ümumi Yığıncağın iclasında Assosiasiyanın üzvü qismində təmsil olunan “Cyberpoint”, “AzeRobot”, “Simbrella”, “Eurodesign CSC”, “CaspianTech”, “A2Z Technologies”, “Digitalks Technologies”, “PNetworks”, eləcə də, Azərbaycan Texniki Universiteti, “AzInTelecom MMC”, “Digital Umbrella”, “Code MMC”, “Karmasis”, “Nova Digital Solutions”, “Defscope”, Azərbaycan Kibertəhlükəsizlik Platforması, “Rabalon”, “Gpolicy”, “Palo Alto Networks”, “B&B Security Alliance” kimi yerli və xarici subyektlərin rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.

© Bütün hüquqlar qorunur 2022 - 2024