Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib

24.02.2023

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və Azərbaycan Texniki Universiteti arasında görüş keçirilib

23 fevral 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvlərinin Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru və aidiyyəti nümayəndələri ilə görüşü baş tutub.

Görüş iştirakçılarını salamlayan rektor Vilayət Vəliyev qarşılıqlı əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisəsində müvafiq sahə üzrə son illərdə həyata keçirilən işlər, mütəxəssis hazırlığı, tədris proqramları, eləcə də Kibertəhlükəsizlik İnstitutunun və Kibertəhlükəsizlik kafedrasının fəaliyyəti barədə məlumatları bölüşüb. AKTA-nın ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsindəki rolundan və yaxın gələcək üzrə hədəflərindən bəhs edən AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov universitetlərin fəaliyyətinin yaxından dəstəklənməsinin və beləliklə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Görüşdə AKTA və AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən universitetdə kibertəhlükəsizlik üzrə müvafiq infrastrukturun təkmilləşdirilməsi və laboratoriyaların formalaşdırılması, tədris proqramı və sillabusların inkişaf etdirilməsi, tədqiqatların genişləndirilməsi, əmək bazarı və sənaye ilə əlaqələrin gücləndirilməsi, birgə sertifikat proqramların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AKTA üzvləri tərəfindən qeyd olunan istiqamətlərlə yanaşı tələbələrə təcrübə və iş imkanlarının yaradılması istiqamətində də dəstək verilə biləcəyi diqqətə çatdırılıb. O cümlədən, AKTA tərəfindən tədris və tədqiqat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xüsusilə də bu məqsədlərlə Türkiyə, İsrail və digər ölkələrin müvafiq ekspertlərinin tədris və təlim proseslərinə cəlb olunması istiqamətində də dəstək verilə biləcəyi qeyd olunub.

“Cyberpoint”, “Simbrella”, “AzeRobot”, “PNetworks”, “Digital Umbrella” şirkətlərinin, “Azərbaycan Kibertəhlükəsizlik Platforması” nümayəndələrinin, habelə müvafiq ekspertlərin iştirak etdiyi görüşün əsas məqsədlərini AKTA və AzTU arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə real töhfə verə bilmək üçün birgə atılacaq addımların müzakirə olunması təşkil edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024