Whoops, your device has lost connection. The web page you are viewing is offline.

31 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirildi

30.11.2023

31 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirildi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının  təşkilatçılığı və A2Z Technologies şirkətinin baş sponsorluğu ilə 31 may 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçirilib.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafında iştirak edən tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsi olub. Forumda əlaqəli dövlət qurumlarının, özəl şirkət və təşkilatların rəhbər və ekspertləri iştirak edib.

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində milli kibertəhlükəsizlik ekosistemi, Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, kibertəhlükəsizlik həlləri və startaplar, kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə mövzuları ətrafında yerli və xarici ekspertlərin iştirakı ilə təqdimatlar göstərilmiş və maraqlı müzakirələr aparılıb.

Forumda Türk Dövlətləri Təşkilatı kontekstində kibertəhlükəsizlik üzrə əməkdaşlıq məsələləri ayrıca paneldə müzakirə edilib. Ölkəmizlə yanaşı Türkiyə, Qazaxıstan və Özbəkistanın kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən məsul nümayəndələri tərəfindən adıçəkilən ölkələrdə görülən işlər və layihələr barədə məlumat verilib və mümkün gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi abarılıb. Tərəflər kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsi və əməkdaşlıq platformasının yaradılması istiqamətində bir sıra təkliflər səsləndirib.

Tədbirin iştirakçıları Forumun sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olub. Habelə, Forum zamanı interaktiv yarışma keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

Həmçinin, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına yeni üzv olan təşkilatlara və ekspertlərə müvafiq üzvlük sertifikatları təqdim edilib.

Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları sırasında Huawei, Boston Consulting Group və CISCO şirkətləri, sponsorları sırasında CyberPoint, Caspian Tech, Pavo Group, Code Academy, Simbrella, AzeRobot, Digitalks Technologies, STV-Global SA, B&B Security Alliance, MONT və B2B Group şirkətləri yer alıb.

Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək vermək məqsədilə 2022-ci ildə təsis edilmiş Assosiasiya özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət və təşkilatlarını birləşdirir.

© Bütün hüquqlar qorunur 2022 - 2024