Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Ölkəmizin İKT sektoru üçün yeni güzəştlər təsdiq edilmişdir

09.01.2023

Ölkəmizin İKT sektoru üçün yeni güzəştlər təsdiq edilmişdir

İKT sahəsində fəaliyyət göstərən şirkətlər, bu şirkətlərdə çalışan yerli və xarici İT işçilər üçün 01 yanvar 2023-cü il tarixindən etibarən mühüm vergi, gömrük, sosial və miqrasiya güzəştləri təsdiq edilmişdir. Güzəştlər texnoparkların ərazisində və kənarda fəaliyyət göstərən rezidentlərə şamil edilir. İstənilən İKT şirkəti texnoparkın rezidenti statusu almaq və bu güzəştlərdən yararlanmaq imkanı qazanır.
 

Bu güzəştlər İKT və yüksək texnologiyalar sahəsinin inkişaf etməsinə, innovasiya və rəqəmsal transformasiyanın sürətlənməsinə xidmət edəcəkdir. Bu yeniliklər sayəsində İT biznesin ixrac potensialı artırıla və son illərin ən ciddi problemi olan İT sahəsində “beyin axını”nın qarşısı alına bilər.

Güzəştlər və onların gətirə biləcəyi faydalar barədə AKTA-nın araşdırmasını diqqətinizə təqdim edirik.

 

Azərbaycanda 2023-cü il yanvarın 1-dən etibarən İKT sahəsi üçün hansı güzəştlər təsdiq edilib və onların gözlənilən faydaları hansılardır:  

  • Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri və şirkətlər də texnoparkın rezidenti ola biləcəklər. “Texnoparklar haqqında Nümunəvi Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyəti ilə məşğul olan İT şirkətlər fəaliyyət göstərdikləri məkandan asılı olmayaraq, texnoparkın rezident statusunu ala biləcəklər. Bu fəaliyyət göstərdiyi məkandan asılı olmayaraq, rezident statusu almış bütün şirkətlərin gəlir, torpaq və əmlak vergilərindən, eləcə də texnika, qurğu və texniki avadanlığın idxalı zamanı gömrük rüsumlarından azad edilməsi deməkdir. Bu güzəşt texnoparklara marağı artıracaq və şirkətləri texnoparkın rezidenti statusunu almağa motivasiya edəcəkdir.
  • Texnoparkların rezident şəhadətnaməsini alan sahibkarlar 20% mənfəət və 14% gəlir vergisindən tam azad edilir. Bu vergilər sahibkarlıq subyektlərinin ən əsas vergi yükü hesab edilir. Texnoparkın rezident şirkətləri (o cümlədən kənar rezidentlər) demək olar ki, heçbir vergi ödəməyəcək və vergi yükündən tam azad olacaqlar.
  • Mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan 10% divident vergisi ləğv edilir. Texnoparkın rezidenti olan İT şirkətlərin səhmdarları divident vergisi ödəməkdan azad olacaq və daha çox vəsait əldə edəcəklər. Bu İT sahəsinə daha çox investisiyaların yatırılmasına maraq oyadacaqdır.
  • Texnoparkın rezidenti olan şirkətlərdə çalışan işçilərin gəlir vergisi 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi üçün 5% (hazırda 14%) müəyyən edilir. Gəlir vergisi 01.01.2026-cı ildən isə 7 il müddətinə gəlirin 5%-i həcmində müəyyən ediləcək. Faktiki olaraq, bu güzəşt gələcəyə hesablanmışdır. Belə ki, hal-hazırda bu güzəşt fəaliyyət sahəsindən asılı olmayaraq, 2027-ci ilə qədər bütün qeyri-neft və qeyri-dövlət şirkətlərinə tətbiq edilir. 2027-ci ildən isə bütün sahələr işçilərə görə 14% gəlir vergisi ödəyəcəyi təqdirdə, İKT sahəsində bu rəqəm 5% olacaqdır.
  • Texnoparkın rezidenti olan şirkətlərdə çalışan işçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq, ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 man) miqdarından, ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər. Bu daha yuxarı əmək haqqı alan İT mütəxəsislərə dövlət sosial sığorta haqqını sabit və daha az məbləğ ilə ödəməyə imkan verəcəkdir.
  • Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi tələb olunmayacaq. Bu güzəşt İT sahəsi üzrə istənilən şəxslərin ölkəmizdə rahat fəaliyyət göstərməsinə imkan verəcəkdir. Bunun sayəsində Azərbaycan "İT Hub” olmaq imkanı əldə edəcəkdir. Bununla belə nəzərə almaq lazımdır ki, güzəştlər yalnız texnoparkın rezidenti statusunu alan şirkətlərdə işləməyə gələn əcnəbilərə şamil ediləcəkdir.
  • Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Belə güzəştlər daha çox əcnəbi mütəxəssislərin Azərbaycana miqrasiya etməsinə stimul verəcəkdir. Faktiki olaraq, əcnəbilər ölkəmizdə əldə etdikləri gəlirlər üzrə sosial ödənişlərdən tam azad edilib.
  • Əcnəbilərlə bağlı olan güzəştlər əcnəbilərin ölkəmizə iş miqrasiyasına, xarici İT şirkətlərin isə ölkəmizdə ofis və nümayəndəlik yaradılmasına maraq oyadacaqdır. Yerli İT şirkətlər isə daha keyfiyyətli işçi qüvvəsini ölkəmizə cəlb edə biləcəklər.
  • Qeyd edilən güzəştlərin Azərbaycanın İKT sektoruna müsbət töhfə verəcəyinə ümid edir və gələcəkdə bu güzəştlərin miqyasını artırmağın vacib olduğunu məqsədəuyğun hesab edirik.

© All rights reserved 2022 - 2024