AKTA üzvlərinin “Bakı KOB evi”ndə biznes görüşü həyata keçirilib

24.02.2023

AKTA üzvlərinin “Bakı KOB evi”ndə biznes görüşü həyata keçirilib

22 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə AKTA üzvləri üçün “Bakı KOB evi”ndə növbəti biznes görüş həyata keçirilib.
Görüş iştirakçılarına dövlət və özəl qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu kiçik və orta biznes evlərinin (KOB evləri) faəliyyətinə dair məlumatlar təqdim olunub. Ümumilikdə, “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlərin göstərildiyi diqqətə çatdırılıb və bu xidmətlərlə bağlı görüş iştirakçılarının sualları cavablandırılıb. Həmçinin, “Bakı KOB evi”ndə yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalının da sahibkarların istifadəsi üçün əlçatan olduğu bildirilib.
Əlavə olaraq, görüş iştirakçıları KOBİA tərəfindən tətbiq olunan biznesə dəstək mexanizmləri barədə məlumatlandırılıb. Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi məqsədilə KOBİA strukturunda yaradılmış KOB inkişaf mərkəzlərinin (KOBİM) fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb. Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa və startaplara dəstəyin göstərildiyi, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviq olunduğu, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Həmçinin, tədbirdə ikt sahəsinin stimullaşdırılması məqsədilə təsdiq edilmiş güzəştlər barədə təqdimat göstərilib. Güzəştlərin əhəmiyyəti və tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.
KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər, habelə “KOB evlərinin” fəaliyyəti ilə bağlı www.smb.gov.az veb səhifəsindən daha ətraflı məlumatların əldə edilə biləcəyi qeyd olunub.

© All rights reserved 2022 - 2024