Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təsis qurultayı keçirilib

22.04.2022

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təsis qurultayı keçirilib

Bu gün dünya miqyasında olduğu kimi Azərbaycanda da internet əsas kommunikasiya platforması olaraq istifadə edilir. Lakin internet imkanlarının inkişafı paralel olaraq yeni təhlükələrin yaranmasına səbəb olur.

Ölkədə fəaliyyət göstərən bir sıra dövlət qurumları, biznes, e-ticarət və informasiya resursları məhz internet vasitəsilə öz fəaliyyətini təmin edir. İnternetdən geniş istifadə öz növbəsində kibertəhlükələrin artması və kiber-riskli sahələrin gündən-günə genişlənməsi ilə müşahidə olunur. Dövlət qurumlarına, müxtəlif şirkət və təşkilatlara yönəlik kiberhücumların təşkili, şəxsi və korporativ məlumatların oğurlanması, onlardan müxtəlif məqsədlərlə istifadə edilməsi halları sürətlə artır.

Bütün bunlara paralel Azərbaycada informasiya təhlükəsizliyi və rəqəmsallaşmanın inkişaf tendensiyası kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin də genişlənməsini, o cümlədən bu sahədəki problemlərin həlli həyata keçirəcək yeni qurumun yaradılmasını zəruri edir.

Bu məqsədlə 22 fevral 2022-ci il tarixində kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərinin və təşkilat nümayəndələrinin birgə iştirakı ilə qurultay keçirilib. Qurultayda yekdilliklə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib, nizamnamə və digər zəruri sənədlərin hazırlanması prosesinə start verilib. 

Yeni Assosiasiyanın Azərbaycanda kibertəhlükəsizlik mühitinin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin kordinasiyası və müvafiq sahənin inkişafına dəstək verilməsi məqsədlərinə xidmət edəcəyi qərarlaşdırılıb.

Azərbaycanda İT və kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətləri, təşkilatlar və mütəxəssisləri vahid platformada birləşdirməyi hədəfləyəcək Assosiasiyanın strateji hədəfləri sırasında Azərbaycanda informasiya cəmiyyətinin inkişafına təkan verilməsi, kibertəhlükəsizlik sahəsində ölkənin reytinqinin gücləndirilməsi, ölkə maraqlarının qorunmasına dəstək verilməsi nəzərdə tutulur.

Bununla yanaşı dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıqların qurulması, milli kadr potensialının gücləndirilməsi və inkişaf etdirilməsi, kibertəhlükəsizlik sahəsində qanunvericilik təşəbbüslərinin hazırlanması, ölkədə kibertəhlükəsizliyin inkişafı üçün müxtəlif tədbirlərin və layihələrin həyata keçirilməsi də Assosiasiyanın qarşısına qoyduğu vəzifələr sırasında yer alacaq.

© All rights reserved 2022 - 2024