Cari ilin 14-18 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın ən böyük texnologiya və startap tədbiri olan “GITEX GLOBAL 2024” (https://www.gitex.com/) baş tutub. Dünyanın 180-dən çox ölkəsindən on minlərlə ziyarətçinin, o cümlədən 400-dən çox qurum və təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində kibertəhlükəsizlik, süni intellekt, texnologiya sahəsində investisiyalar və trendlər, habelə məlumat bazası infrastrukturu və s. bir sıra məsələlərlə bağlı silsilə tədbir və konfranslar təşkil olunub.
“GITEX GLOBAL 2024” çərçivəsində baş tutmuş tədbirlərin mühüm bir hissəsi kibertəhlükəsizliyə həsr olunub və sahə üzrə minlərlə mütəxəssisin iştirak etdiyi bir sıra konfrans və işgüzar görüşlər həyata keçirilib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri h.ü.f.d. Elvin Balacanov tədbir zamanı Huawei şirkətinin baş sponsorluğu ilə kibertəhlükəsizliklə bağlı baş tutmuş beynəlxalq konqres (“Security Next Congress: Defending Cyber Sovereignty in the Age of AI”) çərçivəsində keçirilmiş “Süni intellekt, Blokçeyn və WEB3 dövründə kibertəhlükəsizliyin rolu” adlı paneldə çıxış edib. Huawei şirkətinin Səudiyyə Ərəbistanı üzrə ofisinin baş kibertəhlükəsizlik inzibatçısı Mohammed Alosaiminin moderatorluğu ilə baş tutan panel müzakirələrinin digər iştirakçıları qismində Səudiyyə Ərəbistanının Hemaya İnformasiya Təhlükəsizliyi Assosiasiyasının baş icraçı direktoru Dr. Abdullah Alharbi və Birləşmiş Ərəb Əmirliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (“aeCERT”) direktoru Adel Al Mehairi çıxış edib.
Paneldə çıxış edən E.Balacanov süni intellekt, blokçeyn və WEB3 texnologiyalarının geniş təşəkkül tapdığı dövrdə kibertəhlükəsizliyin təmin olunması sahəsində dövlət qurumları, özəl sektor və qlobal texnoloji korporasiyalar arasında tərəfdaşlıq və əməkdaşlığın rolu və əhəmiyyətindən danışıb. Habelə, süni intellekt və blokçeyn texnologiyalarının tətbiq olunması ilə bağlı tənzimləyici norma və mexanizmlərin formalaşdırılması sahəsində dövlət qurumlarının potensial fəaliyyət istiqamətlərinə dair təkliflər səsləndirilib.
Qeyd olunanlarla yanaşı, AKTA sədri Huawei şirkətinin yeni texnoloji proqram və layihələri ilə bağlı təqdimatlarda və açılış mərasimində iştirak edib.