Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən kibertəhlükəsizlik sahəsində ictimai məlumatlılığın artırılması məqsədilə sosial maarifləndirmə kampaniyasına başlanılıb.
Kampaniya çərçivəsində ölkənin aparıcı radiostansiyaları – Avto FM, Planet FM və Dalğa FM-in efirində gün ərzində müxtəlif vaxtlarda yayımlanacaq qısa maarifləndirici audioçarxlar hazırlanıb. Sözügedən audio materiallarda vətəndaşlara kibertəhlükələrdən qorunma yolları, təhlükəsiz internet istifadəsi, eləcə də şəxsi məlumatların mühafizəsi ilə bağlı əsas və praktik tövsiyələr təqdim olunur.
Audioçarxların əsas məqsədi dinləyicilərdə gündəlik rəqəmsal davranış vərdişlərini təkmilləşdirmək, onları real kiber risklər barədə məlumatlandırmaq və sadə mesajlar vasitəsilə təhlükəsiz davranış modellərini təşviq etməkdir. Nəticə etibarilə, bu təşəbbüs vasitəsilə vətəndaşların kibertəhlükələrə qarşı daha hazırlıqlı olması, fişinq, zərərli proqramlar və məlumat sızmaları kimi risklərin qarşısının alınması istiqamətində bilik və bacarıqlarının artırılması hədəflənir.
Kampaniyanın həyata keçirilməsi cəmiyyətdə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, rəqəmsal mühitdə təhlükəsizliyin gücləndirilməsinə və ümumi risklərin azaldılmasına töhfə verməyi nəzərdə tutur.