Xəbərlərə qayıt
News • 05.05.2026

Azərbaycan Milli Kiber Təhlükəsizlik İndeksində ciddi irəliləyiş ilə 31-ci yerə yüksəlib.

Azərbaycan Milli Kiber Təhlükəsizlik İndeksində ciddi irəliləyiş ilə 31-ci yerə yüksəlib.

 

Kibertəhlükəsizliyin təmin edilməsi və kiber insidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən, yeni metodologiyaya əsaslanaraq hazırda yalnız 145 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi Estoniyanın "Elektron İdarəçilik Akademiyası"nın “Milli Kibertəhlükəsizlik İndeksi”nin reytinq cədvəlində (“National Cybersecurity Index”, ncsi.ega.ee) Azərbaycan Respublikası mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, 83,33 balla 31-ci pillədə qərarlaşmışdır.

 

Azərbaycan son illərdə bu indeks üzrə davamlı irəliləyiş nümayiş etdirib, belə ki, 2023-cü ildə ölkə 86-cı yerdən 52-ci yerə yüksələrək 34 pillə irəliləmiş, 2024-cü ildə metodologiya yeniləndikdən sonra ölkə sayından asılı olaraq, bəzi qiymətləndirmələrdə 40-50-ci yerlər tutulmuş və ya daha yüksək nəticələr qeydə alınmışdır.

 

Qeyd edək ki, AKTA “Milli Kibertəhlükəsizlik İndeksi” üzrə ölkəmizdə əsas məlumat paylaşan rəsmi tərfdaşlardan biri kimi bu irələyişə xüsusi töhfə vermişdir.

 

Hazırkı nəticə Azərbaycanın bu sahədə indiyədək əldə etdiyi ən yüksək göstəricilərdən biri hesab olunur. Bu dinamika ölkədə həyata keçirilən rəqəmsal transformasiya, milli kibertəhlükəsizlik siyasətinin gücləndirilməsi və idarəetmə mexanizmlərinin inkişafı ilə bağlıdır.

 

Son nəticələr Azərbaycanın bir sıra region ölkələrini qabaqlayaraq (Qazaxıstan – 51, Turkiyə - 56, Gürcüstan - 63, Ermənistan - 95) kibertəhlükəsizlik sahəsində region üzrə aparıcı mövqeyə yüksəldiyini və qlobal səviyyədə Cənubi Koreya , İsveçrə, Birləşmiş Krallıq kimi aparıcı ölkələri də rəqəmsal dayanıqlılıq baxımından əhəmiyyətli dərəcədə geridə qoyduğunu təsdiqləyir.

Qalereya