Xəbərlərə qayıt
News • 27.02.2026

Youth Cyber Forum” tədbiri uğurla baş tutub

Youth Cyber Forum” tədbiri uğurla baş tutub

25 fevral tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının əsas tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Youth Cyber Forum” tədbiri keçirilib. Forum, süni intellekt və kibertəhlükəsizlik sahəsinə maraq göstərən gənclərin mövzu və suallarını müzakirə etmək üçün təşkil edilib.

 

Panel-müzakirə formatında təşkil olunan forum kibertəhlükəsizlik sahəsində aktual çağırışlar və inkişaf perspektivlərinə həsr olunub. Açılışda GİN şöbə müdiri Ramil Cabbarov gənclərin rəqəmsal bacarıqlarının artırılmasının prioritet olduğunu vurğulayıb, təşkilatçı Aynurə Ələkbərli forumun maarifləndirmə və şəbəkələşmə baxımından əhəmiyyətini qeyd edib.

 

AKTA-nın icraçı direktoru Rauf Cabarov süni intellektin sürətli inkişafı fonunda kibertəhlükəsizlik yanaşmalarının yenilənməsinin vacibliyini diqqətə çatdırıb və gənclərin bu sahədə ixtisaslaşmasının ölkənin rəqəmsal təhlükəsizliyinə töhfə verdiyini bildirib.

 

Tədbir çərçivəsində AKTA ekspertlərinin iştirakı ilə “Süni intellekt dövründə kibertəhlükəsizlik: Rəqəmsal karyera və kibermühafizə tədbirləri” mövzusunda panel baş tutub. Paneldə süni intellektin yaratdığı imkan və risklər, rəqəmsal təhlükəsizlik tədbirləri və karyera perspektivləri müzakirə olunub.

 

Forum interaktiv sual-cavab sessiyası ilə başa çatıb və gənclərin kibertəhlükəsizlik ekosistemində fəal iştirakı baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.