25.05.2025
Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC şirkətinin əsas tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib.
Üç paneldən ibarət olan konfransın “Kibertəhlükəsizlik sahəsində kadr potensialı” mövzusunda ikinci paneli Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanovun moderatorluğu ilə həyata keçirilib.
Paneldə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov təhlükəsizlik orqanları üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində Akademiyanın prioritetləri və fəaliyyəti, xüsusi tədris və ixtisasartırma proqramları, habelə mövcud infrastrukturu, resurları və imkanları, eləcə də yeni təşəbbüslər barədə məlumat verib.
Daha sonra, Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək, Rəqəmsal Orduya keçid dövründə genişlənən rəqəmsal mühit fonunda artan kibertəhdidlərə qarşı dayanıqlı müdafiə sistemlərinin qurulması üçün peşəkar kadr hazırlığının ən prioritet məsələ olduğunu və Milli Müdafiə Universitetinin bu istiqamətdə ölkədaxili və ölkə xaricində mütəxəssislərin hazırlanmasına xüsusi önəm verdiyini qeyd edib.
Paneldə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkənin kadr potensialının genişləndirilməsi istiqamətində atılmış addımlar, əldə edilmiş nailiyyətlər, eləcə də Bakı Ali Neft Məktəbinin mövcud müvafiq infrastrukturu, resurları və imkanları, habelə yerli və beynəlxalq səviyyədə formalaşdırılmış əməkdaşlıq və tərəfdaşlıqların sahənin inkişafına müsbət təsirləri barədə danışıb.
Daha sonra, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxış edərək, Naxçıvan Dövlət Universiteti tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təhsilin təşkil edilməsi məqsədilə həyata keçirilən fəaliyyət, universitetin mövcud infrastrukturu və regional əməkdaşlıq imkanlarından bəhs edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov öz çıxışında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkənin mövcud kadr potensialının genişləndirilməsi istiqamətində nazirliyin fəaliyyəti və təşəbbüsləri barədə məlumat verib. O, ali təhsil müəssisələrində bu istiqamətdə görülən işlərdən danışaraq orta təhsil müəssilərində - ümumtəhsil və peşə təhsili üzrə 2017-ci ildən bu yana həyata keçirilən rəqəmsal bacarıqlar layihəsinə toxunub, layihənin şagirdlərin 30 faizini əhatə etdiyini vurğulayıb.