Whoops, your device has lost connection. The web page you are viewing is offline.

Haqqımızda

Hüquqlar və vəzifələr


Assosiasiyanın hüquqları

  • müvafiq sahə üzrə hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsinə dair təkliflər vermək, onların ictimai müzakirəsində iştirak etmək;
  • müvafiq sahədə standartların, texniki şərtlərin, normaların və digər texniki normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) və özəl tərəfdaşlarla əməkdaşlıq etmək, birgə layihələr həyata keçirmək;
  • dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
  • müvafiq sahə üzrə elmi-tədqiqatların həyata keçirilməsində, habelə tədqiqat və inkişaf (R&D) mərkəzlərinin formalaşdırılmasında iştirak etmək;
  • müvafiq sahələrdə təkmilləşdirmə işlərinin aparılması üçün təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • müvafiq sahədə ictimai rəyi öyrənmək və araşdırma nəticələrinə uyğun hazırlanmış materialları aidiyyəti üzrə təqdim etmək;
  • müvafiq sahədə mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • müvafiq sahədə ölkədə mütəxəssis resursu üzrə ehtiyacları araşdırmaq və bu sahədə təşkilati potensialı qiymətləndirmək, elmi, texniki və kadr potensialının gücləndirilməsi məqsədilə təkliflər hazırlamaq və bu işlərin icrası və əlaqələndirilməsində iştirak etmək;
  • müvafiq sahədə tədris və təcrübə proqramlarının, o cümlədən kitab və dərs vəsaitlərinin hazırlanması ilə bağlı təkliflər vermək, bu sahədə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • müvafiq sahədə milli, elmi-texniki və kadr potensialının gücləndirilməsi məqsədilə təhsil müəssisələri və təqaüd proqramları yaratmaq, zəruri hallarda fondlar təsis etmək;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını və nümayəndəliklərini yaratmaq;
  • Azərbaycan Respublikasında, o cümlədən ölkə hüdudlarından kənarda qüvvədə olan qanunvericiliyə və bu Nizamnaməyə zidd olmayan əqdlər, sazişlər, müqavilələr bağlamaq, mülkiyyət və şəхsi qeyri-əmlak hüquqlarını əldə etmək, məhkəmədə iddiaçı və cavabdeh kimi çıхış etmək;
  • beynəlxalq tədbirlərdə iştirak etmək, xaricdə müvafiq sahə üzrə fəaliyyət göstərən təşkilatların üzvü olmaq və bu təşkilatlarla layihə əsasında əməkdaşlıq etmək və ya onları təmsil etmək;
  • müsabiqələr, seminarlar, konfranslar, panel müzakirələri, kurslar, təlimlər, simpoziumlar, forumlar, sərgilər və s. bu kimi tədbirlər təşkil etmək;
  •  xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
  • elmi tədqiqat, təcrübi-mühəndis, texniki ekspertiza, məsləhət xidmətləri və təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış hüquqi şəxsləri, o cümlədən elmi tədqiqat və təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini, habelə müstəqil ekspertləri və mütəxəssisləri bu işlərə cəlb etmək;
  • qanunvericiliklə qadağan edilməyən və fəaliyyət məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və bu nizamnaməyə müvafiq olaraq, Assosiasiyanın vəsaiti və əmlakı üzərində sərəncam vermək;
  • vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Assosiasiyanın vəzifələri

  • kibertəhlükəsizliyin təmin olunması sahəsində (bundan sonra – müvafiq sahə) milli potensialın gücləndirilməsi və islahatların həyata keçirilməsi  məqsədilə təkliflər vermək;
  • müvafiq sahə ilə bağlı innovativ layihələrdən (o cümlədən startaplardan) istifadə imkanını araşdırmaq və təkliflər vermək;
  • müvafiq sahədə milli texniki resurs və proqram təminatlarının hazırlanması və ixracını təşviq etmək, bu sahədə həyata keçirilən fəaliyyətə dəstək vermək;
  • qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsinə dəstək vermək;
  • müvafiq sahədə ölkədaxili, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsini təşviq etmək, bu istiqamətdə tədbirlər həyata keçirmək, təkliflər vermək, bu cür tədbirlərin təşkilinə dəstək vermək, bunun üçün açıq və inklüziv əməkdaşlıq platforması formalaşdırmaq;
  • müvafiq sahədə mövcud olan beynəlxalq reytinq və hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə təkliflər vermək;
  • müvafiq sahədə maarifləndirmə və məlumatlandırma məqsədilə tədbirlər həyata keçirmək və bu fəaliyyətin effektiv və səmərəli təmini üçün təkliflər vermək;
  • müvafiq sahədə mövcud təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi, gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq və mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması, o cümlədən operativ və səmərəli məlumat mübadiləsinin təşkili məqsədilə təkliflər vermək;
  • kiberfəzada Azərbaycan Respublikasının milli maraqları əleyhinə təbliğat və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı müvafiq əks-tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək, bu işlərin əlaqələndirilməsinə dəstək vermək;
  • öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını və daim yenilənməsini təmin etmək;
  • Assosiasiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • Qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

© Bütün hüquqlar qorunur 2022 - 2024