6 may tarixində “IV Türk Dünyası Mühəndislik Zirvəsi” çərçivəsində “Mühəndislik Konfransı” keçirilib.
Konfransda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov çıxış edərək türk dünyasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, rəqəmsal təhdidlərə qarşı ortaq mübarizə mexanizmləri və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. Çıxışı zamanı Rauf Cabarov AKTA-nın həyata keçirdiyi “Milli Kibertəhlükəsizlik Forumu” və “Kiber Yay Məktəbi” kimi təşəbbüslərin Türk Dövlətləri arasında təcrübə mübadiləsinin genişlənməsinə, peşəkar əlaqələrin möhkəmlənməsinə və gənclər arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Bununla yanaşı, çıxış çərçivəsində Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətləri ilə qurulan əməkdaşlıqlar, ortaq texnoloji həllərin hazırlanması və regional kibertəhlükəsizlik ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs olunub.
Sonda AKTA-nın türk dünyasında dayanıqlı, təhlükəsiz və vahid kibertəhlükəsizlik mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyi qeyd edilib.