Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində hazırlanan tədris-metodiki vəsaitlərin təqdimatı və sonuncu seminar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında baş tutub.
Tədbirdə Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov, AKTA-nın icraçı direktoru Rauf Cabarov, layihə rəhbəri Təbriz Cəfərov, layihə çərçivəsində hazırlanmış tədris-metodiki vəsaitlərin müəllifləri professor Yadigar İmamverdiyev, Polis Akademiyasının kafedra rəisi Orxan Məmmədov, AKTA-nın eksperti Rəşad Əliyev və texnika elmləri üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Komitəsinin Akademiyasının kafedra müdiri Asif Qanbayev çıxış edib.
Açılış nitqi ilə çıxış edən Akademiyanın rəis müavini Vüqar Mansurov qonaqları salamlamış, kibertəhlükəsizlik sahəsində təhsilin olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, qeyd etmişdir ki, Akademiya AKTA-nın belə təşəbbüslərini yüksək qiymətləndirir və həmişə bu növ addımların dəstəklənməsinə hazırdır. Rauf Cabarov öz nitqində AKTA-nın kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi maarifləndirmə və təhsil təşəbbüsləri ilə yanaşı “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris-metodiki bazanın genişləndirilməsi və inkişafı məqsədilə fəaliyyətin davam edəcəyini vurğulamışdır.
Daha sonra layihə rəhbəri və müəlliflər tərəfindən müvafiq vəsaitlərin təqdimatı həyata keçirilmişdir. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Akademiyada yaradılmış praktiki labaratoriyalarla tanış olmuşlar.
Qeyd edək ki, AKTA tərəfindən icra olunan layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin icrası nəticəsində “İnformasiya təhlükəsizliyi” ixtisasına aid olan 3 fənn (“Kriptoqrafiyanın əsasları”; “Elektronika və IoT cihazlarının təhlükəsizliyi”; “Sosial mühəndislik”) üzrə sillabuslar və metodiki vəsaitlər (mühazirələr toplusu) hazırlanıb.