Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yeni formalaşdırılmış “GRC (Hüquq, Risk və Uyğunluq)” komitəsinin ilk iclası keçirilib.
İclasda AKTA üzvləri arasında GRC sahəsində vahid və sistemli yanaşmanın formalaşdırılması, risklərin idarə olunması üzrə metodoloji əsasların yaradılması və üzv təşkilatlar üçün praktik təlimat xarakterli sənədlərin hazırlanması ilə bağlı məsələlər müzakirə edilib.
Görüş çərçivəsində ölkəmizdə risk sahəsi üzrə terminoloji lüğətin və onun şərhini əhatə edən praktiki təlimat sənədinin hazırlanması qərara alınıb.
Sözlüyün hazırlanmasında GRC sahəsində beynəlxalq səviyyədə qəbul olunmuş üst səviyyəli istinad çərçivələrindən, xüsusilə COBIT, eləcə də yerli qanunvericilik və normativ sənədlərdən istifadə olunması nəzərdə tutulur. Hazırlanacaq sənədin ilkin versiyanının ictimai müzakirəyə təqdim olunması planlaşdırılır.
Həmçinin, AKTA üzvü olan şirkətlər və KOB-lar arasında risk mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici görüşlərin təşkili və müvafiq materialların hazırlanmasının vacibliyi vurğulanıb.