28.09.2024
Cari ilin 28 Sentyabr tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Kibertəhdidlər, prosedur və texniki məsələlər ekspert komitəsinin üçüncü iclası baş tutub.
İclası giriş sözü ilə komitənin sədri, Defscope şirkətinin təsisçisi və direktoru Vüsal Salmanlı açaraq, komitə üzvlərini salamlayıb. O, iclasın gündəliyinə aid olan məsələləri vurğulayıb və kibertəhlükəsizlik sahəsində ictimai tədbirlərin intensiv şəkildə keçirilməsinin labüdlüyünü qeyd edib. Daha sonra, AKTA-nın Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov, komitənin kibertəhdidlər, prosedur və texniki məsələlər üzrə mövcud olan problemlərini araşdırmaq, müzakirə etmək, dezinformasiya ilə mübarizə mexanizmləri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti qurumlara təqdim etməyin vacibliyini vurğulayıb.
İclas, komitənin sədri, Defscope şirkətinin direktoru Vüsal Salmanlının komitənin daxilində alt komitələrin yaradılması, onların iş mexanizmləri, komitə daxilində məlumat mübadiləsinin aparılması və digər məsələlər ilə bağlı təqdimatı ilə davam edib. Ekspertlərin müzakirələri nəticəsində alt komitələrin müəyyən edilməsi, iş mexanizmlərinin müəyyənləşdirilməsi və koordinatorun seçilməsi qərara alınıb. Ekspertlər növbəti iclasda yuxarıda qeyd edilən mövzular üzrə komitə fəaliyyətinin sonrakı gündəliyinin formalaşdırılması və nəticəyönlü işlərin aparılmasına dair razılığa gəliblər.