Xəbərlərə qayıt
Xəbərlər • 11.05.2026

AKTA-nın növbəti Kiber Klubu Odlar Yurdu Universitetində yaradılıb

AKTA-nın növbəti Kiber Klubu Odlar Yurdu Universitetində yaradılıb

7 may tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Kiber Klub təşəbbüsü çərçivəsində Odlar Yurdu Universitetində “İnformasiya təhlükəsizliyi idarəçiliyi (GRC) və ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib.

 

Tədbirin açılışında universitetin “İnformasiya texnologiyaları və kibertəhlükəsizlik” kafedrasının müdiri, akademik Əli Abbasov və AKTA-nın baş katibi Fidan Əhmədova çıxış edərək kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşdırılması, ali təhsil müəssisələri ilə sektor əməkdaşlığının genişləndirilməsi və tələbələrin praktiki biliklərə çıxış imkanlarının artırılmasının əhəmiyyətini vurğulayıblar.

 

Seminar zamanı AKTA eksperti Sinan Əliyev tərəfindən informasiya təhlükəsizliyi idarəçiliyi, GRC yanaşmaları, risklərin idarə olunması və beynəlxalq təcrübələrə dair təqdimat nümayiş olunub. İnteraktiv formatda təşkil olunan görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb və praktik yanaşmalar ətrafında müzakirələr aparılıb.

 

Eyni zamanda, Odlar Yurdu Universitetinin AKTA-nın Kiber Klub şəbəkəsinə qoşulduğu elan olunub. Universitet təşəbbüsə daxil edilən 21-ci ali təhsil müəssisəsi olub. Seminar isə universitetdə Kiber Klub çərçivəsində təşkil olunan ilk tədbir kimi həyata keçirilib.