19.06.2025
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində ilk seminar Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) baş tutub və hazırlanmış tədris vəsaitlərinin təqdimatı həyata keçirilib.
Tədbirdə DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, AKTA-nın icraçı direktoru Rauf Cabarov, layihə rəhbəri Təbriz Cəfərov, layihə çərçivəsində hazırlanmış tədris-metodiki vəsaitlərin müəllifləri professor Yadigar İmamverdiyev, AKTA-nın ekspertləri Rəşad Əliyev və texnika elmləri üzrə fəlsəfə doktoru, DGKA-nın kafedra müdiri Asif Qanbayev çıxış edib. Açılış nitqi ilə qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov kibertəhlükəsizlik sahəsində təhsilin olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, rəhbərlik etdiyi Akademiya AKTA-nın bu kimi təşəbbüslərini yüksək qiymətləndirir və hər zaman dəstək göstərməyə hazırdır. O, kibertəhlükəsizlik ixtisasının təhsil məsələlərini müzakirə etmək üçün gələcəkdə konfransın keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə nitq söyləyən AKTA-nın icraçı direktoru Rauf Cabarov DGKA rəhbərliyinə təşəkkür edərək layihə haqqında məlumat verib. AKTA rəsmisi qeyd edib ki, təşkilat kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi digər təşəbbüslərlə yanaşı təhsil istiqamətində də ictimai ehtiyaclardan irəli gələn layihələr icra edir. İcraçı direktor təmsil etdiyi qurumun“İnformasiya təhlükəsizliyi” ixtisası üzrə tədris-metodiki bazanın genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Həmçinin, bu ixtisasın tələbələri üçün həyata keçirilən “kiber klub” layihəsinin inkişafı barədə məlumat verilib.
Daha sonra çıxış edən, AKTA-nın Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov layihə çərçivəsində 3 fənn üzrə nümunəvi sillabusların və mühazirələr toplusunun hazırlandığını bildirib. O, qeyd edib ki, hazırlanmış vəsaitlərin təqdimatının akademiyadan sonra daha 5 ali təhsil ocağında keçirilməsi planlaşdırılır.
Sonra digər müəlliflər tərəfindən müvafiq vəsaitlərin təqdimatı və təlimlər həyata keçirilib.
Qeyd edək ki, layihənin icrası nəticəsində “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olan 3 fənn (“Kriptoqrafiyanın əsasları”; “Elektronika və IoT cihazlarının təhlükəsizliyi”; “Sosial mühəndislik”) üzrə sillabuslar və metodiki vəsaitlər (mühazirələr toplusu) hazırlanıb. “Kriptoqrafiyanın əsasları” fənni üzrə materiallar Azərbaycan Texniki Universitetinin professoru, universitetin “Kibertəhlükəsizlik” kafedrasının müdiri Yadigar İmamverdiyev, “Elektronika və İoT cihazlarının təhlükəsizliyi” fənni üzrə materiallar Dövlət Gömrük Komitəsinin Akademiyasının “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Asif Qanbayev, “Sosial mühəndislik” fənni üzrə materiallar isə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Orxan Məmmədov tərəfindən hazırlanıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olub.