Xəbərlərə qayıt
Xəbərlər • 26.11.2025

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri uğurla baş tutub

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri uğurla baş tutub

20 noyabr tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və AKTA-nın qızıl üzvü olan Proxima şirkətinin təşkilatçılığı ilə “Cyber Day” adlı tədbir uğurla həyata keçirilib. 

 

Tədbir ölkənin aparıcı İT və kibertəhlükəsizlik mütəxəssislərini bir araya toplayaraq, rəqəmsal təhlükəsizlik, süni intellektdən istifadə imkanları, məlumatların qorunması və müasir təhlükə modelləri kimi aktual mövzular üzrə ən son trendlərin müzakirəsinə şərait yaradıb. 

 

Tədbirdə ekspert sessiyaları, master klaslar və panel müzakirələri keçirilib, o cümlədən iştirakçılar üçün dəyərli peşəkar əlaqələr qurmaq imkanı yaranıb. AKTA-nın icraçı direktoru Rauf Cabarov digər tərəfdaş qurumların məsul şəxsləri ilə birlikdə “Azərbaycanda kibertəhlükəsizlik çağırışları” panelində çıxış edib, dövlət-özəl tərəfdaşlığı, ölkəmiz və kibertəhlükəsizlik şirkətləri qarşısında duran çağırışlardan danışıb. 

 

Tədbir çərçivəsində Proxima şirkətinin müasir tələblərə uyğun qurulmuş yeni “Security Operations Center” (SOC) infrastrukturu rəsmi olaraq istifadəyə verilib. Proxima şirkəti SOC-un fəaliyyətə başlamasını şirkətin kiberdayanıqlığın artırılması və təhlükəsizlik imkanlarının genişləndirilməsi istiqamətində strateji inkişaf yolunun mühüm mərhələsi kimi qiymətləndirib.