Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

20.12.2023

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

19 dekabr 2023-cü il tarixində AKTA-nın 2023-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Hesabat tədbirində AKTA Ümumi Yığıncağının üzvü olan hüquqi şəxslərin, eləcə də AKTA tərəfdaşı olan qurum və təşkilatların, o cümlədən ali təhsil müəssisələri və şirkətlərin rəhbər və nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan AKTA İdarə Heyətinin sədri Elvin Balacanov iştirakçıları salamlayıb və AKTA tərəfindən 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətə dair hesabatı təqdim edib. 19 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə dəstək vermək məqsədilə fəaliyyət göstərən AKTA-nın üzvlüyünə il ərzində, ümumilikdə, 178 müraciətin edildiyi və 86 subyektin AKTA üzvlüyünə qəbul olunduğu bildirilib. Hal-hazırda, 50-si hüquqi şəxs olmaqla AKTA üzvlərinin sayının 110 olması vurğulanıb.

Maarifləndirmə və kadr potensialının gücləndirilməsinə dəstək verilməsi məqsədilə AKTA tərəfindən cari ildə 30-dan artıq müxtəlif tədbirin (forum, konfrans, seminar, vebinar, yarış, təlim və s.) təşkil edildiyi və bu tədbirlərə 4000 nəfərdən artıq iştirakçının cəlb edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə 90-dan çox müxtəlif şirkət və təşkilatla görüş və müzakirələrin keçirildiyi, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə AKTA nümayəndələrinin 5 xarici ölkəyə (Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, İsrail və Rumıniya) işgüzar səfərinin baş tutduğu qeyd edilib. Beynəlxalq əməkdaşlıq sahəsində AKTA-nın digər uğuru İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri (OIC-CERT) əməkdaşlıq platformasına üzv seçilməsi olub.  Eləcə də, ölkənin 14 ali təhsil müəssisəsində kiberklubların yaradılmasına dəstək verildiyi nəzərə çatdırılıb. 

Tədqiqat və inkişaf istiqaməti üzrə isə il ərzində AKTA tərəfindən 10-dan çox layihə və tədbirin icra olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, ölkənin qlobal kibertəhlükəsizlik reytinqlərində mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş müvafiq fəaliyyət nəticəsində 161 ölkənin sıralandığı “Milli Kibertəhlükəsizlik İndeksi”nin (National Cybersecurity Index - https://ncsi.ega.ee/) reytinq cədvəlində Azərbaycan Respublikasının 36 pillə irəliləməsinin təmin olunduğu bildirilib.

Fasilədən sonra AKTA sədri tərəfindən Assosiasiyanın 2024-cü il üzrə Tədbirlər Planının layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Növbəti il ərzində AKTA tərəfindən fəaliyyət istiqamətləri üzrə mütəmadi tədbirlərlə yanaşı bir sıra yeni və spesifik tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığı bildirilib. Xüsusilə də, ölkənin “Milli Kibertəhlükəsizlik İndeksi”nin formalaşdırılması üzrə işlərin başa çatdırılması və qiymətləndirmələrin aparılması, habelə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın (Strategiya) Tədbirlər Planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra olunmasına dəstək verilməsinin, eləcə də kibertəhlükəsizlik sahəsində beynəlxalq konfransın təşkil edilməsinin növbəti il üçün prioritetlər sırasında müəyyən olunduğu bildirilib. Eyni zamanda, AKTA üzvlərinin məhsul və həllər kataloqunun, AKTA Vakansiya Bankının yaradılmasının nəzərdə tutulduğu qeyd olunub. Həmçinin, 2024-cü ildə ali təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə də, “Kiber Klubların Birliyi”nin yaradılması, habelə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması məqsədilə fəaliyyətin həyata keçiriləcəyi nəzərə çatdırılıb.

Tədbirdə həmçinin AKTA-nın yenilənmiş vebsaytı (www.akta.az) təqdim edilib.  AKTA sədrinin müavini Rauf Cabarov Assosiasiyanın yenilənmiş vebsaytı barədə məlumat verib. AKTA-nın üzvlər arasında kommunikasiyasının inkişafı və cəmiyyətin aparılan işlər barədə operativ məlumatlandırılması üçün saytın müasir texnologiyalar əsasında yeniləndiyi və təkmilləşdirildiyi qeyd edilib. Vebsaytda AKTA ekspertlərinin və üzvlərinin təqdimatı üçün ekspert bankı və üzvlərin kataloqunun yerləşdirildiyi, habelə AKTA üzvlərinin məhsul və həllərinin kataloqunun yerləşdirilməsi üçün imkanın yaradıldığı bildirilib. Bununla yanaşı, üzvlər arasında əlaqələrin inkişafı üçün şəxsi kabinet və onlayn kommunikasiya vasitələrinin yaradıldığı qeyd edilib.

Ümumi Yığıncaq üzvləri, o cümlədən tərəfdaş qurum və təşkilatların nümayəndələri çıxış edərək, AKTA-nın 2023-cü il üzrə fəaliyyətini uğurlu hesab edib. 2024-cü il ərzində AKTA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair rəy və təkliflər səsləndirilib. Xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Strategiyanın Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icra olunmasına dəstək verilməsinin xüsusi önəmi qeyd olunub. Habelə, AKTA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlərin ekosistemin daha da güclənməsinə töhfə verə biləcəyi bildirilib.

Tədbirdə, həmçinin AKTA üzvlüyünə yeni qəbul olunmuş hüquqi şəxslərə AKTA üzvlüyünə dair müvafiq sertifikatlar təqdim edilib.

AKTA tərəfindən 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətə dair hesabatla tanış olmaq üçün bu linkə keçid edin.

© Bütün hüquqlar qorunur 2022 - 2024