"Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin dəstəyi və AKTA-nın tərəfdaşlığı ilə fintex forumu keçirilib.
Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edib.
Forumda yerli və beynəlxalq ekspertlər son illər fintex sektorunda baş verən yeniliklər ətrafında müzakirələr aparıb, öz proqnozlarını bölüşüb və maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparıblar. Forumda kibertəhlükəsizlik və fırıldaqçılıqla mübarizə mövzularına xüsusi diqqət ayrılıb.
Forum çərçivəsində AKTA-nın icraçı direktoru Rauf Cabarov məruzəçi olaraq, çıxış edib. Onun “Fintexdə Təhlükəsizliyin Gələcəyi: Fırıldaqçılıq, Kibertəhlükəsizlik və Davamlılıq” adlı panel çıxışında maliyyə və bank sektorunda baş verən kiber hadisələr və onların səbəbləri təhlil edilib. O, beynəlxalq təşkilatların maliyyə sektoru üçün kiber təhdidlərin artan tempi barədə proqnozlarına əsaslanmaqla fintexlərin kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Həmçinin, rəqəmsallaşmanın maliyyə institutları üçün yaratdığı əlavə gəlir imkanları ilə yanaşı kibertəhlükəsizlik meyarlarına diqqəti artırmaqla rəqəmsallaşmanın yaratdığı risklərin azaldılmalı olduğunu qeyd edib.