30.10.2023
26-27 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) adlı iki günlük tədbir keçirilib.
Tədbirin açılışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Azerconnect” şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və “BP” şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış ediblər.
Tədbir çərçivəsində müxtəlif aidiyyəti mövzular üzrə 10 təqdimat, habelə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə 5 panel müzakirəsi keçirilib. Belə ki, “Kritik infrastrukturların mühafizəsində CERT-lərin rolu”, “Yeni nəsil kibertəhdidlər”, “İnformasiya təhlükəsizliyinə nədən başlamalıyıq?” və “Kiberhücumlardan effektiv müdafiə mümkündürmü?” mövzuları ətrafında panel müzakirələri, o cümlədən AKTA İdarə Heyətinin sədri Elvin Balacanovun moderatorluğu ilə "Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” adlı panel müzakirəsi baş tutub.
Tədbir zamanı Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçirilib. Kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışıblar. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçirilən yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olublar.
Qeyd etmək lazımdır ki, tədbir çərçivəsində həm yeni başlayanlar, həm də peşəkarlar üçün 6 müxtəlif istiqamət üzrə “master klass”lar keçirilib. İxtisaslaşdırılmış təlimlər yerli və xarici mütəxəssislər tərəfindən aparılıb.
Tədbirin sonunda verdikləri töhfəyə görə sponsorlara, tərəfdaşlara, təlimçi-ekspertlərə və “Kibermüharibə” yarışında iştirak edən komandalara müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “CIDC-2023” tədbiri kritik informasiya infrastrukturunun, o cümlədən dövlət orqanlarının, maliyyə və telekommunikasiya sektorunda çalışan əməkdaşlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən sahə üzrə fəaliyyət göstərən mütəxəssislər, şirkət və təşkilatlar arasında şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.