“Cyberpoint”lə “Kron” arasında Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi imzalandı

14.06.2023

“Cyberpoint”lə “Kron” arasında Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) idarə heyətinin üzvü, ölkəmizin aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə dünyanın aparıcı “Privileged Access Management” (PAM) və kibertəhlükəsizlik həlləri təminatçısı “Kron” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlıq çərçivəsində “Kron”un kibertəhlükəsizlik həllərinin, xüsusilə “Privileged Account Access Security” məhsulunun Azərbaycanda satışı və istifadəsinin genişləndirilməsi hədəflənir.

Əməkdaşlıq müqaviləsi Azərbaycanda şirkətlər və dövlət qurumları üçün kibertəhlükəsizlik məhsullarına çıxış imkanı yaratmaqla iki ölkə arasında informasiya texnologiyaları sahəsində biznes tərəfdaşlığını və kommersiya əlaqələrini daha da dərinləşdirəcək.

Bu sazişlə Azərbaycan və Türkiyə arasında texnologiya sahədə əməkdaşlıq güclənəcək, bilik mübadiləsinə, təcrübənin ötürülməsinə və gələcək birgə layihələrin hazırlanmasına imkan yaranacaq.

Əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində sazişlə bağlı fikirlərini bölüşən “Kron”un baş direktoru Mete Sansal Azərbaycan bazarında məhsul satışı və xidmətlər üçün güclü, yüksək əlavə dəyərə malik kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” ilə əməkdaşlıqdan çox məmnun olduğunu vurğulayıb: 

“Biz iş ortağımızla Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv olmağı və qısa müddətdə bazar payımızı artırmağı hədəfləyirik”.

Həmçinin “Cyberpoint”in direktoru Fuad Niftəliyev qeyd edib ki, “Kron”un məlumat və giriş təhlükəsizliyi sahəsində təcrübəsi ilə birlikdə Azərbaycan şirkətlərinə ən yaxşı identifikasiya və giriş idarəetmə həlli təklif ediləcək:

“Bu ortaqlıq iki ölkə arasında texnoloji əlaqəni daha da gücləndirərək kibertəhlükəsizlik sahəsində yeni qapılar açacaq”.

PAM sahəsində Türkiyənin aparıcı həll istehsalçısı olan “Kron”, “Gartner” hesabatında ardıcıl olaraq iki dəfə yer alan ilk və yeganə türk şirkətidir. O cümlədən, şirkət “Kuppinger Cole”, “Forrester” kimi tədqiqat şirkətlərinin hesabatlarında dünyanın aparıcı PAM məhsul təminatçılarından biri kimi göstərilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan “Cyberpoint” şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.

© Bütün hüquqlar qorunur 2022 - 2024