Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi çərçivəsində ikinci seminar təşkil olunub.
Layihə gənclərin kibertəhlükəsizlik sahəsində biliklərini artırmaq, hibrid təhdidlərə qarşı mübarizədə dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, həmçinin transmilli platformalarla işin daha da təkmilləşdirilməsini hədəfləyir.
Seminarda layihə rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov hibrid təhdidlərin yaratdığı risklər və onların aradan qaldırılması üzrə hüquqi-praktik yanaşmalar barədə çıxış edib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov AKTA-nın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət və maarifləndirici təşəbbüslər haqqında məlumat verib.
AKTA ekspertləri – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Lalə Məmmədli, Rəşad Əliyev transmilli internet korporasiyalarının təhlükəsizlik standartları və texniki tələbləri barədə təqdimat ediblər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nümayəndəsi Lamiyə Nəcəfova isə kibergigiyena mövzusunda təqdimatla çıxış edib.
Tədbir zamanı tələbələr kibertəhlükəsizlik və hibrid təhdidlər sahəsində mövcud risklər, onlara qarşı effektiv yanaşmalar və müasir texnoloji həllər barədə məlumatlandırılıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.