Xəbərlərə qayıt
Xəbərlər • 21.10.2025

Kiber Diaspora üzvümüz Zəri Uslu-Abdullayeva ilə müsahibəni təqdim edirik.

Kiber Diaspora üzvümüz Zəri Uslu-Abdullayeva ilə müsahibəni təqdim edirik.

Zəri xanım Birləşmiş Ərəb Əmirliklərinin Abu Dhabi şəhərində keçirilən “Middle East Instrumentation, Cybersecurity and Automation (MEICA) Expo 2025” çərçivəsində təşkil olunan MEICA Awards 2025 müsabiqəsində “İl üzrə Sənaye Kiber Təhlükəsizliyində İnnovativ Texnologiya” mükafatı ilə təltif edilib. 

Bu uğur münasibətilə Zəri xanımı təbrik etmək fürsətindən istifadə edib, onunla baş tutmuş maraqlı müsahibəni sizə təqdim edirik. 

 

Müsahibimiz – Zəri Uslu-Abdullayeva, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində peşəkar fəaliyyətə başlayıb. Daha sonra 2020 –2023-cü illərdə ABŞ-ın Nyu-Meksiko şəhərində yerləşən EC-Council Universitetində Kibertəhlükəsizlik ixtisası üzrə bakalavr təhsili alıb. Bu dövrdə həmçinin peşəkar fəaliyyətini davam etdirərək BƏƏ-də dünyanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan Etisalat və müxtəlif İT şirkətlərində çalışıb. Hal-hazırda isə Abu-Dabi şəhərində BƏƏ-nin aparıcı İKT şirkətlərindən birində hücumyönümlü təhlükəsizlik rəhbəri olaraq fəaliyyət göstərir.

 

Karyera yolunuz haqqında qısa məlumat verərək, ən önəmli mərhələləri və qarşılaşdığınız əsas çətinlikləri qeyd edə bilərsinizmi?

Karyeram filologiya sahəsi ilə başlayıb, amma IT-yə marağım həmişə olub. Bu barədə bir kitab oxuduqdan sonra maraq daha da gücləndi və 9 illik fasilədən sonra sahəmi dəyişmək qərarına gəldim. Bu addımı atmaq mənim üçün asan deyildi, çünki həm qadın olaraq yeni bir sektorda özümü sübut etməli idim, həm də 3 yaşlı uşaq anası kimi təhsili və ailə məsuliyyətlərini tarazlamaq böyük çətinliklər yaradırdı. Buna baxmayaraq, 2020–2023-cü illərdə ABŞ-da EC-Council Universitetində kibertəhlükəsizlik üzrə bakalavr təhsili aldım və paralel olaraq BƏƏ-də Etisalat və digər İT şirkətlərində çalışdım. Ən önəmli mərhələ təhsil və real iş təcrübəsini eyni vaxtda davam etdirmək oldu. Bu yol mənə həm texniki bacarıqlar, həm də güclü dözümlülük qazandırdı.

Karyeranız ərzində əldə etdiyiniz uğurlar və nailiyyətlər haqqında ətraflı məlumat verə bilərsinizmi?

Karyeram boyunca mənim üçün əhəmiyyətli uğurlar yalnız layihə və vəzifələrdəki nailiyyətlərlə ölçülmür. Mən texniki sahədə qadın kimi və başqa ölkədə yaşayan bir xarici vətəndaş olaraq kibertəhlükəsizlik sahəsində öz mövqeyimi yaratmağı bacardım. Hücumyönümlü təhlükəsizlik üzrə rəhbər vəzifədə çalışmaq mənim üçün böyük uğurdur.

Eyni zamanda, peşəkar bacarıqlarımı artırmaqla yanaşı, sahədə qadınların azlığını nəzərə alaraq, nümunə olmaqla gənc qadınlara bu sahəyə daxil olmaq üçün ilham vermək də mənim üçün böyük nailiyyətdir. Bu baxımdan hər bir uğurum həm texniki, həm də sosial aspektdə mənim üçün dəyərlidir.

 

Xaricdə kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərməyin əsas üstünlükləri və qarşılaşa biləcək çətinliklər haqqında fikirlərinizi bölüşə bilərsiniz?

Xaricdə kibertəhlükəsizlik sahəsində işləməyin həm üstünlükləri, həm də çətinlikləri var. Üstünlüklərdən biri fərqli texnoloji mühitlərdə təcrübə qazanmaq və beynəlxalq layihələrdə iştirak etmək imkanıdır. Həmçinin, qadınların bu sahəyə daxil olması üçün daha çox fürsət və dəstək mövcuddur ki, bu da mənim üçün motivasiyaedici bir tərəfdir.

Çətinliklərdən biri isə xüsusilə yeni başlayanlar üçün iş tapmağın asan olmamasıdır. Mənim vəziyyətimdə, həm qadın kimi, həm də xarici ölkədə yaşayan biri olaraq, sıfırdan başlamaq və uyğun layihələrdə iştirak etmək əlavə çətinliklər yaradırdı. Bu sahəyə gəlmək üçün əziyyət və səylə dolu bir yol keçmək lazımdır, amma bunun qarşılığında həm şəxsi, həm də peşəkar inkişaf çox böyükdür.

 

Kiber təhlükəsizlik sahəsində çalışan xanımların peşəkar inkişafı və irəliləyişi üçün hansı tövsiyələr və məsləhətlər verərdiniz?

Kiber təhlükəsizlik sahəsində çalışan qadınlara tövsiyəm, öz bilik və bacarıqlarına inamı qorumaq və davamlı öyrənməyə fokuslanmaqdır. Bu sahədə hələ də kişilər dominantdır, lakin qadınlar üçün açıq imkanlar mövcuddur və onları dəyərləndirmək vacibdir.

Peşəkar inkişaf üçün şəbəkələşmək (networking), mentorlarla və sahənin liderləri ilə əlaqə yaratmaq, konfranslarda iştirak etmək və real layihələrdə təcrübə qazanmaq əhəmiyyətlidir. Fikir və təkliflərini açıq şəkildə paylaşmaq, sual vermək və dəstək axtarmaq qadınların bu sahədə irəliləməsini sürətləndirir. Özünüzə inam və səbrlə irəliləmək bu prosesdə ən əsas açarlardandır.

Qalereya