Xəbərlərə qayıt
Xəbərlər • 10.10.2024

“Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” (CSS 2024) tədbiri həyata keçirilib

“Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” (CSS 2024) tədbiri həyata keçirilib
Cari ilin 9 - 10 oktyabr tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Milli Kibertəhlükəsizlik Mərkəzinin təşkilatçılığı ilə “Kiber Təhlükəsizlik Sammiti – Mərkəzi Avrasiya” (CSS 2024) tədbiri (https://www.cybersecuritycentraleurasia.com/) həyata keçirilib. Tədbirdə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), təşkilatın İdarə Heyətinin sədr müavini Rauf Cabarov və baş katib Fidan Əhmədova tərəfindən təmsil olunub. Tədbirin rəsmi tərəfdaşı kimi çıxış etmiş Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Murad Balayev tərəfindən təmsil olunub. Tədbirin əsas hissəsini əhatə edən konfransın mövzusunu “Rəqəmsal Mərkəzi Avrasiya üçün Kibermüdafiə” təşkil edib. İki gün davam etmiş konfransda region ölkələrinin kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən aidiyyəti qurumlarının və şirkətlərinin rəhbər vəzifəli nümayəndələrinin və mütəxəssislərinin çıxışı dinlənilib, eləcə də müxtəlif yerli və xarici şirkətlərin innovativ həll və texnologiyaların təqdimatı həyata keçirilib. İki gün davam edən beynəlxalq tədbir çərçivəsində, innovativ həll və texnologiyaların təqdimatı və müvafiq sərgi, o cümlədən hər biri beş nəfərdən ibarət olmaqla 10 komanda arasında kibertəhlükəsizlik sahəsində yarış həyata keçirilib.

Qalereya