9 oktyabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə” adlı panel müzakirəsi təşkil olunub.
Panelə moderatorluq edən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Pənah Musayev, tədbirin əsas məqsədinin müasir texnoloji infrastrukturun təhlükəsizliyinə dair qlobal yanaşmaların və qabaqcıl təcrübələrin paylaşılması olduğunu vurğulayıb.
Paneldə yerli və beynəlxalq ekspertlər ağıllı infrastruktur sistemlərinin kibertəhlükələr qarşısında dayanıqlılığını təmin etmək məqsədilə həyata keçirilən texnoloji, hüquqi və təşkilati tədbirlər barədə geniş fikir mübadiləsi aparıblar.
“Seeton” şirkətinin İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri, kibertəhlükəsizlik üzrə fəlsəfə doktoru, İnformasiya və Kommunikasiya Texnologiyaları Dövlət Universitetinin dosenti Yevgeni Pedçenko, çıxışında süni intellektin ağıllı infrastrukturların müdafiəsindəki roluna toxunub və təmsil etdiyi şirkətin təqdim etdiyi texnoloji həlləri təqdim edib.
“HPE” şirkətinin satış rəhbəri Ramin Ələkbərov, ağıllı binalar və kampuslarda kibertəhlükələrin sürətlə artan iki əsas istiqamətini qeyd edərək vurğulayıb ki, bunlardan biri - IoT cihazlarının çoxalması nəticəsində yaranan təhlükəsizlik boşluqları, digəri isə - süni intellekt və avtomatlaşdırılmış sistemlərə yönəlmiş hücumların dinamik artımıdır. O, həmçinin qərarvermə proseslərinə təsir edən manipulyativ hücumların və fiziki kiber risklərin artdığına da diqqət çəkib.
“AzInTelecom” MMC-nin məhsul şöbəsinin rəhbəri Tamerlan Məşədihəsənli, çıxışında bulud texnologiyaları, SİMA platforması və kibertəhlükəsizlik xidmətlərinin qarşılıqlı inteqrasiyası ilə dövlət-biznes tərəfdaşlığı çərçivəsində təhlükəsiz rəqəmsal transformasiyanın necə sürətləndiyini izah edib.
“Gardiyan” şirkətinin İdarə Heyətinin üzvü Hakan Kaplan, təhlükəsizlik sahəsində uyğunluq və məsuliyyət məsələlərini ön plana çəkərək, informasiya sistemləri sahibləri, tənzimləyici qurumlar və texnoloji təchizatçılar arasında koordinasiyalı fəaliyyətin vacibliyini bildirib.
BƏƏ-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin informasiya təhlükəsizliyi xidmətləri üzrə baş meneceri Məhəmməd Buşlaibi, kibertəhlükəsizliyin təmin olunmasında real ssenarilərə əsaslanan kiber böhran təlimlərinin əhəmiyyətini qeyd edərək, “CIDC 2025” tədbirini bu istiqamətdə uğurlu platforma kimi qiymətləndirib.
Panelin sonunda iştirakçılara təşəkkür sertifikatları təqdim olunub.