“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər davam edir

16.09.2023

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər davam edir

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində media nümayəndələri üçün nəzərdə tutulan təlimlər uğurla davam etdirilir. Təlimlərin məqsədi media nümayəndələri arasında saxta xəbər konsepsiyası və onlara qarşı mübarizə sahəsində maarifləndirmənin aparılması, o cümlədən dezinformasiya və saxta xəbərlərlə mübarizə aparılması yolları və mexanizmləri barədə məlumatlılığın artırılmasıdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən təlimlərə 8 sentyabr tarixində start verilib. "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan ilk təlimdə layihə rəhbəri Təbriz Cəfərov iştirakçıları salamlayaraq layihə haqqında məlumat verib.  Daha sonra, AKTA-nın sədri Elvin Balacanov tərəfindən təlim iştirakçılarına təlim müddəti ərzində təqdim olunacaq mövzuların aktuallığı barədə məlumat verilib və “Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqda saxta xəbər və dezinformasiya anlayışı və məsuliyyət növləri” adlı təqdimat həyata keçirilib. Təlimin ilk günü, həmçinin AKTA-nın sədr müavini və İKT eksperti Rauf Cabarov tərəfindən “Medianın transformasiyası: Rəqəmsal texnologiyalar və sosial media platformaları, “Saxta Xəbər”in geniş yayılması” mövzusunda təlim keçirilib.

Layihənin növbəti təlim mövzuları üzrə çıxışlar cari ilin 15 sentyabr tarixində “Code Academy”də baş tutmuşdur. Əvvəlcə, Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar tərəfindən “Kiberməkanda saxta xəbərlər və dezinformasiya ilə mübarizə, onların həlli yolları” mövzusunda təqdimat həyata keçirilib. Daha sonra, araşdırmaçı jurnalist, sosial media eksperti Sənan Nəcəfov tərəfindən “Sosial mediada informasiya mənbələrinin yoxlanılması, fakt yoxla alətləri, vizual media kontentin yoxlanılması” mövzusu üzrə media nümayəndələrinə interaktiv təlim keçirilib.

Ümumilikdə, 30-dan artıq media və müxtəlif qurumların aidiyyəti nümayəndələrinin qatıldığı təlimlər sentyabr ayı ərzində davam edəcəkdir.

© Bütün hüquqlar qorunur 2022 - 2024