02.08.2024
Cari ilin 1 avqust tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Həllər, texnologiya və innovasiyalar ekspert komitəsinin (komitə) ikinci iclası Digital Umbrella şirkətinin ofisində baş tutub.
İclası giriş sözü ilə komitənin sədri, Digital Umbrella şirkətinin təsisçisi və direktoru Ulduzə Xəlilova açaraq, komitə üzvlərini onların ofisində salamlayıb. O, komitənin əsas prioritet istiqamətinin kibertəhlükəsizlik sahəsində uğurlu layihələrin (startapların) seçilməsi və dəstəklənməsi olduğunu qeyd edib. Daha sonra, AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov komitənin kibertəhlükəsizlik üzrə məhsul və innovasiyalar istiqamətində mövcud olan problemləri araşdırmaq, müzakirə etmək, startaplara dəstək mexanizmləri ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti qurumlara təqdim etməyin vacibliyini vurğulayıb.
İclas komitənin katibi, Karmasis Azərbaycan şirkətinin icraçı direktoru Berna Baysalın komitənin strukturu, iş mexanizmləri, məlumat paylaşılması və digər məsələlər ilə bağlı təqdimatı ilə davam edib. Ekspertlərin müzakirələri nəticəsində yerli həllərin və potensial layihələrin müəyyən edilməsi üçün araşdırma və təhlillərin hazırlanması, ölkəmizdə həm dövlət qurumları, həm də biznes subyektləri aspektindən ehtiyac olan kibertəhlükəsizlik məhsulları və həllərinə dair tələblərin öyrənilməsi qərara alınıb. Ekspertlər növbəti iclasda yuxarda qeyd edilən araşdırmaların təqdimatı əsasında komitə fəaliyyətinin sonrakı gündəliyinin formalaşdırılması və nəticə yönlü işlərin aparılmasına dair razılığa gəliblər.