Xəbərlərə qayıt
Xəbərlər • 11.12.2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində III Beynəlxalq Konfrans baş tutub.

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində III Beynəlxalq Konfrans baş tutub.

Cari ilin 6 dekabrında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Türkiyənin Gazi Universiteti və “HBN Group”un birgə təşkilatçılığı ilə III Beynəlxalq Konfrans baş tutub.

 

Tədbirdə Azərbaycanla yanaşı daha 19 ölkənin ali təhsil müəssisələrini və tədqiqat mərkəzlərini təmsil edən tanınmış alimlər, professorlar, müəllimlər, tədqiqatçılar, magistrantlar və tələbələr iştirak ediblər.

 

Konfransın açılışında çıxış edən AKTA İdarə Heyətinin sədri Pənah Musayev kibertəhlükəsizliyin təmin edilməsinin dayanıqlı inkişaf və rəqəmsal transformasiya üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb. O, dövlət–akademiya–sənaye tərəfdaşlığının gücləndirilməsinin, elmi biliklərin tətbiqinin və müasir tələblərə uyğun yeni kadrların hazırlanmasının strateji əhəmiyyət kəsb etdiyini bildirib.

 

Pənah Musayev, həmçinin süni intellekt, kibertəhdidlərin analizi, risk modellərinin yaradılması, böyük verilənlərin idarə olunması və preventiv müdafiə sistemlərinin qurulması kimi istiqamətlərdə elmi yanaşmanın və dərin tədqiqatların həlledici rol oynadığını diqqətə çatdırıb. Sədr, konfrans çərçivəsində təqdim olunacaq elmi nəticə və müzakirələrin ölkəmizin milli kibertəhlükəsizlik təcrübəsinə yeni impuls verəcəyini, həmçinin qlobal tendensiyaların daha dərindən dərki baxımından mühüm əhəmiyyət daşıyacağını qeyd edib.

 

Sonda o, AKTA-nın universitetlərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr, tələbələr üçün yaradılmış xüsusi imkanlar, tədris və elmi-tədqiqat fəaliyyətləri haqqında məlumat verərək, Assosiasiyanın ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına verdiyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.

Qalereya