Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı sosial kampaniya çərçivəsində son tədbir baş tutub. 25 dekabr tarixində ADA Universitetində ekspert, məktəbli və valideynlərin iştirakı ilə Debat Forumu keçirilib.
Tədbirin açılış mərasimində forum iştirakçılarını salamlayan AKTA-nın sədr müavini Rauf Cabarov və layihənin tərəfdaşı olan digər qurumların nümayəndələri iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra moderatorlar, Ombudsman Aparatının böyük məsləhətçisi Azər İsalı və AKTA-nın Tədqiqat və inkişaf şöbəsinin müdiri Təbriz Cəfərov tədbirin formatı barədə iştirakçıları təlimatlandıraraq, kibertəhlükəsizliklə bağlı problemlərin həllində müxtəlif keyslər təqdim ediblər.
Forumda “Valideynlər və uşaqlar üçün şəxsi məlumatların qorunması”, “İnternetdən təhlükəsiz istifadə etməyin yolları”, “Kiberbullinq”, “Kibertəhdidlərlə mübarizə aparmağın yolları” mövzularında müzakirələr, sual-cavab sessiyaları, kibertəhlükəsizlik hadisələri, problemlərin həllində uğurlu və uğursuz nümunələr haqqında hekayələr və real təcrübələr əsasında keyslərin müzakirəsi, eləcə də internet təhlükəsizliyi və rəqəmsal hüquqlar haqqında ekspertlərin iştirakı ilə diskussiyalar aparılıb. Sonda müzakirələr əsasında müəyyən edilən fəal uşaqlar və valideynlər müxtəlif nominasiyalar üzrə təltif olunub.
Qeyd edək ki, layihənin məqsədi uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etmək olub. Layihə “Nar” şirkətinin dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilib.