Panel müzakirələrindən əvvəl AKTA-nın İctimai Birliyinin İdarə Heyətinin sədri Pənah Musayev çıxış edərək, assosiasiyanın fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Kiber domendə də dünya azərbaycanlılarının birliyinin xüsusi əhəmiyyət daşıdığını vurğulamış və iştirakçıları AKTA tərəfindən formalaşdırılmış “Kiber Diaspora”ya üzv olmağa dəvət etmişdir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabarovun moderatorluğu ilə keçirilən panelin qonaqları Assosiasiyanın şöbə müdiri Əli Məmmədzadə, “Crowdstrike” regional sistem mühəndisi Orxan Həbibzadə və “AREA Academy”nin təsisçisi Rəhman Rəsulzadə olub.
Panel zamanı kibertəhlükəsizlik sahəsində motivasiyanın əhəmiyyəti və gənclərin bu sahədə inkişafına dəstək imkanlarından danışılıb, virtual icma platformaları yaratmağın yeni meyarları barədə intellektual müzakirələr aparılıb. Müasir dövrün tələblərinə uyğun kiber simulyasiya texnologiyalarının rolu qeyd edilib. Dron və robot texnologiyaları sahəsindəki yeniliklər, bu texnologiyaların gələcəyin əsas istiqamətlərindən biri olması və maraq göstərən gənclərin dəstəklənməsinin önəmi diqqətə çatdırılıb. Belə təşəbbüslərin diaspor gənclərinin texnologiya, kibertəhlükəsizlik və innovasiya sahələrində maariflənməsi, qlobal şəbəkələrə inteqrasiyası, eləcə də milli maraqlar ətrafında birləşməsi üçün mühüm platforma rolunu oynadığı vurğulanıb. Düşərgə iştirakçılarının süni intellekt, kibertəhlükəsizlik, eləcə də rəqəmsal texnologiyalarla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.