2023-cü ildən etibarən Azərbaycan Mikromaliyyə Assosiasiyasının aparıcı təşkilat olduğu beynəlxalq konsorsiumun təşkilatçılığı ilə ölkəmizdə biznes və peşəkar assosiasiyaların inkişafı məqsədilə “Gələcək üçün Assosiasiyalar” layihəsi adı altında 3 illik inkişafı proqramına start verilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası bu layihədə uğurla iştirak edib.
Layihə xidmətlərin innovativ şəkildə təqdim edilməsi, inklüziv iqtisadi imkanların artırılması və iqtisadi rifaha töhfə verilməsi üçün layihədə iştirak edən assosiasiyaların bacarıqlarını artırmağı, Azərbaycanda biznes və peşəkar assosiasiyaların ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir. Layihə çərçivəsində təlimlərin təşkili ilə assosiasiya əməkdaşlarının bilik və bacarıqlarının inkişafı, assosiasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, assosiasiyalara zəruri olan sahələrdə konsultasiya dəstəyinin təqdim edilməsi və seçilmiş mövzu üzrə sub-qrantın icra edilməsi təmin edilir.
Layihə çərçivəsində AKTA-nın əməkdaşları layihələrin və qrantların idarə edilməsi, əməliyyatların idarə edilməsi, maliyyə dayanıqlığı, insan resurslarının idarə edilməsi, üzvlərlə münasibətlərin idarə edilməsi, lobbiçilik və ictimai təmsilçilik, innovativ xidmətlərin təqdim edilməsi, strateji planlama və digər mövzularda olan ümumilikdə 25 təlimdə iştirak edib, öz biliklərini artırıblar. Qeyd edək ki, təlimlər institusional inkişaf, liderlik və yumşaq bacarıqlar istiqamətləri üzrə 15 moduldan ibarət olub.
Həmçinin, iştirakçı assosiasiyaların təşkilatçılığı ilə mütəmadi əsaslarla həmkar görüşləri keçirilib. Bu görüşlərin məqsədi layihənin benefisiar assosiasiyalarını yaxından tanımaq, onlar barədə məlumatları, fəaliyyət istiqamətləri, uğur hekəyələrini digər assosiasiyalar ilə paylaşmaq, təcrübə mübadiləsi, şəbəkələşmə və əməkdaşlığın inkişafını təmin etmək olmuşdur. Belə görüşlərdən biri AKTA-nın təşkilatçılığı ilə “Cyberpoint” şirkətinin ofisində baş tutmuşdur. Görüşdə AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov təşkilat barədə məlumat vermiş, iştirakçıların suallarını cavablandırmış, İT və kibertəhlükəsizlik sahəsində AKTA-nın digər təşkilatlara verə biləcəyi töhfələri qeyd etmişdir. Görüş çərçivəsində iştirakçılar “Cyberpoint” şirkətinin kibertəhlükəsizlik əməliyyatlar mərkəzi ilə tanış olmaq imkanı əldə etmişlər.
“Gələcək üçün Assosiasiyalar” layihəsinin digər üstünlüyü mikro qrant layihəsi üzrə dəstək olmuşdur. Bu dəstək aləti vasitəsilə AKTA tərəfindən İT və kibertəhlükəsizlik üzrə məhsul və xidmətlərin elektron kataloqunun yaradılması təmin edilib.
Layihənin cari mərhələsinin yekunu olaraq keçirilmiş strateji həftə çərçivəsində assosiasiyaların strateji inkişaf planlarının və yol xəritələrinin hazırlanması üzrə təlimlər keçirilmiş və aparıcı ekspertlər tərəfindən tövsiyələr təqdim edilmişdir. Layihənin mentorluq modulu çərçivəsində strateji planlama üzrə ekspertlər tərəfindən assosiasiyalara konsultasiya dəstəyi təqdim edilmiş və strateji planın hazırlanmasına töhfə verilmişdir.
Qeyd edək ki, “Gələcək üçün Assosiasiyalar” layihəsi ümumilikdə 20 biznes assosiasiya və peşə birliyini əhatə etməklə uğurla davam edir.