Whoops, your device has lost connection. The web page you are viewing is offline.

“Cyber Summer School - 2022” Beynəlxalq Yay Məktəbində təlimlərə start verildi

17.07.2022

“Cyber Summer School - 2022” Beynəlxalq Yay Məktəbində təlimlərə start verildi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 2022-ci ilin 15-21 iyul tarixlərində Bakı şəhərində Azərbaycan, Türkiyə və İsrail komandalarının iştirakı ilə “Cyber Summer School - 2022” təşkil olunur. 2021-ci ildə məktəbli və yeniyetmələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə keçirilmiş “Cyber Camp - 2021” layihəsinin davamı olan yay məktəbi bu il beynəlxalq səviyyədə və daha geniş iştirakçı auditoriyası üçün təşkil olunur. Tədbirdə təlim və oyun-əsaslı tədris proqramları hər üç ölkənin aparıcı mütəxəssisləri ilə birgə keçirilir.

Layihənin əsas məqsədi hər üç ölkə arasında kiber-dostluq münasibətlərinin inkişaf etdirilməsi, 12-15 yaş aralığında olan 100-ə yaxın şagird və yeniyetmələrin intellektual bacarıqlarının gücləndirilməsidir. Kiber təhdidlərə qarşı ortaq mübarizə fəaliyyətlərinin icrası və təcrübə mübadiləsi yeniyetmələrin kiber-bacarıqlarının inkişafına, onların yaxın gələcəkdə peşəkar kadrlar kimi formalaşmasına imkan yaradacaq.

AKTA-nın təşkilatçılığı ilə 15 iyul 2022-ci il tarixində baş tutan kiber yay məktəbinin açılış tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin istirahət mərkəzində keçirilmişdir. Açılış mərasimində Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, universitet rektorları, Elektron Hökumətin İnkişafı Mərkəzi və digər qurumların rəhbərləri iştirak etmiş, yeniyetmələrə müxtəlif tövsiyələrlə çıxış etmişlər.

Tədbir zamanı təşkil olunan görüş və təlimlərdə yeniyetmələr kibergigiyenanın qorunması, kibermühitdəki vərdişlərin formalaşdırılması, kiberhəssaslığın gücləndirilməsi kimi vərdişləri inkişaf etdirirlər. “Cyber Summer School - 2022” yay məktəbi çərçivəsində iştirakçılar “müxtəlif mədəniyyətlərin kiber birliyi” devizi altında kiber güclərin idarəedilməsi bacarıqlarını inkişaf etdirirlər. Müxtəlif beynəlxalq yarış və müsabiqələrin qalibləri və şəhid övladlarından ibarət olan komandalar da layihədə öz güclərini sınayırlar.

ADA Universitetində keçirilən təlimlər çərçivəsində iştirakçılara kibertəhlükəsizlik üzrə nəzəri və praktiki məşğələlər keçirilir, kiber-hücum və -müdafiə şouları, maşın öyrənməsi, süni intellekt kimi texnologiyalar nümayiş etdirilir. Gələcəyin ixtisası olan kibertəhlükəsizlik sahəsinin astanasında olan bu yeniyetmələr ADA Universiteti ilə tanış olub, universitetin qabaqcıl infrastrukturu və texnologiyaları ilə tanış olublar. İştirakçılar peşəkar təlimçilərlə birgə şəbəkə təhlükəsizliyi, rəqabətli proqramlaşdırma və kriptoqrafiya sahəsində nəzəri və praktiki biliklərə yiyələnirlər. Təlim və yarışlarda fərqlənən şəhid övladları Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi İlqar Musayevin rəhbərliyi ilə keçirilən görüşlərdə mükafatlandırılmışlar.

AKTA-nın təşkilatçılığı ilə həyata keçirilən layihədə dünyanın aparıcı kibertəhlükəsizlik texnologiya istehsalçıları, o cümlədən şəbəkə təhlükəsizliyi, robototexnika, dron texnologiyaları, alternativ enerji və enerji təhlükəsizliyi, informasiya sistemləri təhlükəsizliyi və mobil təhlükəsizlik mövzularını əhatə edən sərgi təşkil olunmuşdur. Müxtəlif yerli və beynəlxalq kiberpotensialların vahid kibertəhlükəsizlik platforması olan AKTA vasitəsilə birləşdirilməsi kiber məkanda təhlükəsizlik idarəçiliyində ən yaxşı ictimai dəstək təcrübəsidir. Önəmli addımlardan biri hesab olunan “Cyber Summer School - 2022” layihəsi Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafına dəstək və müasir potensialın gücləndirilməsinə hesablanmışdır.

© Bütün hüquqlar qorunur 2022 - 2024