29.07.2024
Hər vaxtınız xeyir!
Müsahibimiz - Adil Elçin oğlu Əliyev 2006-cı ildən proqramçı olaraq çalışır. 10 ilə yaxındır dünyanın tanınmış şirkətlərində proqram mühəndisi olaraq fəaliyyət göstərir. Hazırda Kanadanın Vankuver şəhərində “Samsung Electronics” şirkətində mobil təhlükəsizlik üzrə proqram həlləri üzərində çalışır. Əvvəllər “Amazon” şirkətinin Vankuver ofisində, “Samsung Electronics”in Cənubi Koreyada yerləşən baş ofisində proqram mühəndisi olaraq çalışıb. 2015-ci ilə qədər Azərbaycanda İDRAK Texnoloji Transfer, NEATS və Azercell şirkətlərində çalışıb. Sənayedəki təcrübəsi ilə yanaşı, ayrı-ayrı illərdə Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Texniki Universitetində müəllimlik fəaliyyəti göstərib. 2022-ci ildə qəbul edilmiş, bakalavriat dərəcəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil proqramının işçi qrupunun üzvü olub.
1. İxtisaslaşdığınız və çalışdığınız sahə üzrə hazıradək qət etdiyiniz karyera yolu və bu karyera yolunu davam etdirməyə sizi ilhamlandıran məqamlar və səbəblər barədə məlumat verə bilərsinizmi?
Valideynlərim proqramlaşdırma ilə məşğul olduğuna görə uşaq yaşlarımdan məndə də bu sahəyə həvəs yaranıb. Evdəki kitab rəfində tapdığım müxtəlif kitablarda BASİC dilində yazılmış kodları anlamadan kompüterə köçürüb icra edirdim. Adətən, sadə proqramlar olurdu, məsələn, müxtəlif həndəsi fiqurlar çəkən, sadə hesablamalar edən, primitiv animasiyalar göstərən və s. Daha sonra oradakı parametrləri, əmrlərin ardıcıllıqlarını dəyişərək nəticədə nə baş verdiyini tapmağa çalışırdım. Bu yolla kodların məntiqini anlamağa başlamışdım.
Sonra, Azərbaycanca bir kitabdan daha anlaşıqlı şəkildə öyrənməyə başladım. Bu kitablar köhnə texnologiyalar və sadə məsələlərə aid olsa da, alqoritmləşdirmənin əsas elementlərini bir qədər öyrənməyə imkan vermişdi.
Mənim bu həvəsimi gördükdə, yeddinci sinifdə oxuyarkən valideynlərim məni öz keçmiş müəllimləri - Ramin Mahmudzadə ilə tanış etdilər. Həmin vaxt Ramin müəllim məktəblilər üçün proqramlaşdırma dərnəyi təşkil edirdi. Elə o vaxtdan Ramin müəllimin sayəsində proqramlaşdırmanı daha ciddi və peşəkar şəkildə öyrənməyə başladım. 2002-ci ildə Ramin müəllim bizi Tbilisi şəhərində kompüter layihələri üzrə beynəlxalq olimpiadaya apardı. 11 Avropa ölkəsinin iştirak etdiyi bu olimpiadada gümüş medala layiq görüldüm. Bu cür müsabiqələr, olimpiadalar və Ramin müəllimin üzərimizdə çalışması məni proqramlaşdırmaya daha da həvəsləndirirdi, həm də ambisiyalarımı artırırdı.
Ali təhsilimi Bakı Dövlət Universitetində almışam. Buraya daxil olmağımın əsas səbəbi Ramin müəllim çalışan ali məktəbdə oxumaq, onunla yeni layihələr üzərində çalışmaq idi. Düzdür, o yalnız rus bölməsinə dərs deyirdi, amma mən Azərbaycan bölməsində təhsil alırdım. Rəsmi olaraq mənə mühazirə oxumasa da, mən onun seminarlarına qatılır, kurs işlərimdə mənə rəhbərlik edir, bir sıra layihələrə məni cəlb edirdi. Respublika üzrə ali məktəb tələbələrinin proqramlaşdırma olimpiadasının təşkili bu layihələrdən biridir. İlk dəfə idi ki, onlayn yoxlama sistemi ilə müsabiqə təşkil etmişdik və cavablar şəffaf şəkildə anında elan edilmişdi. Sonradan bu cür layihələrin sayı çoxaldı. Məsələn, 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi üçün hazırlıq proseslərinə Ramin müəllim məni və digər dostlarımı cəlb etmişdi.
Mən ali məktəbi bitirdikdən sonra da, xaricə köçdükdən sonra da Ramin müəllimlə daim əlaqə saxlayır, yeni işlər gördükdə onun xeyir-duasını alırdım. Təəssüflər olsun ki, 9 avqust 2022-ci ildə Ramin müəllim vəfat etdi.
2006-cı ildə mən ali təhsil almaqla bərabər daha çox praktik vərdişlərə yiyələnmək üçün İDRAK Texnoloji Transfer şirkətində işləmək şansı qazandım. Şirkətin rəhbəri Hikmət Abdullayev unikal insandır. O daim işçilər üçün maraqlı və yeni texnologiyalara aid tapşırıqlar verirdi. Xatırlayıram ki, 2007-ci ildə tablet kompüterləri üzrə araşdırmalar edirdik və bir sıra prototiplər yığmışdıq. Bu layihəni ilk olaraq, tələbə olsam da Hikmət müəllim mənə həvalə etmişdi. Sonralar layihə böyüdükdə digər yoldaşlar da qoşuldular. O vaxtlar “tablet”, “planşet” kimi terminlər istifadə edilmirdi və biz öz aramızda ona mobil kompüter adı vermişdik. Ipad, Galaxy Tab və s. o vaxtlar yox idi. Həmin ərəfələrdə Hikmət müəllim bizə e-İnk adlı texnologiyanı göstərdi və bizə onun vasitəsilə elektron kitab hazırlamağı tapşırdı. İlk prototipi qısa bir müddətdə hazırladıq. Hazırda Amazon Kindle, Kyobo kimi qurğular da həmin texnologiya ilə çalışır, amma biz o texnologiyanı 2007-2008-ci illərdə görmüşdük.
Hərbi xidmətdən qayıtdıqdan sonra dostumla bir şirkət qurduq. Özümüzü proqram təminatı biznesində sınamağa qərar verdik. Bir sıra uğurlu layihələrə imza atsaq da, nəticələr tam ürəyimizcə deyildi, ona görə 2014-cü ildə şirkətin fəaliyyətini dayandırmağa qərar verdik. Həmin il Azercell şirkətində proqramçı olaraq işə başladım.
2015-ci ildə Samsung Electronics şirkətinin baş ofisindən mənə iş təklifi gəldi. Təqribən, yeddi ay sürən müsahibələrdən sonra işə qəbul edildim və həmin il Cənubi Koreyaya köçdüm. Samsung Electronics nəhəng bir şirkətdir, burada böyük proqram layihələrinin işlənməsi, milyonlarla müştəriyə xidmət göstərilməsi, fərqli proqramlaşdırma metodologiyaları, bir sıra məxfi layihələrin necə yerinə yetirilməsi və s. kimi təcrübələrə yiyələndim. Koreyada qazandığım təcrübə mənim dünya görüşümə və proqram mühəndisi kimi daha da peşəkarlaşmağıma xeyli müsbət təsir edib.
2019-cu ildə Amazon şirkətinin həm Kanadanın Vankuver, həm də Amerika Birləşmiş Ştatlarının Sietl şəhərindəki ofislərindən iş təklifi aldım. Kanadaya üstünlük verib oradakı təklifi qəbul etdim və həmin ildən Kanadada yaşayıram. Amazon şirkətində bir neçə fərqli komandada çalışmışam. Gündəlik milyonlarla dövriyyəyə məsul proqram sistemləri, onların problemlərinin necə qısa müddətdə aradan qaldırılması, böyük həcmdə məlumatları emal edən sistemlərlə tanış olmaq çox gözəl bir təcrübə oldu mənim üçün. Amazon şirkətində çalışmaq kifayət qədər maraqlı olsa da, iş yükü həddindən artıq çoxdur. Burada proqramçılar proqram təminatının bütün aspektlərinə və proqram istehsalının bütün addımlarına cavabdehdir. Biznes tələbləri toplayan, tələbatları yazan, layihələri idarə edən, arxitekturanı quran, kodu yazan, testləşdirən, istismara buraxan, ona daim nəzarət edənin hamısı proqramçılardır. Bir tərəfdən kifayət qədər maraqlı təcrübədir, lakin digər tərəfdən mənim Azərbaycana aid layihələr üzərinə çalışmağıma zamanım qalmırdı. Beləliklə, 2022-ci ildə oranı tərk edib Samsung Electronics şirkətinə qayıtdım. Vankuverdə Samsungun bir ofisi var və biz Knox mobil təhlükəsizlik həllərinə cavabdehik.
Əslində, mənim karyeram sırf kibertəhlükəsizliklə bağlı deyil. Daha çox proqram mühəndisliyi ilə bağlıdır. Məsələ burasındadır ki, 2000-ci illərin əvvəlləri bir sıra təhlükəsizlik məsələlərinə elə proqramçılar özləri cavabdeh idilər. Ona görə də, hər zaman təhlükəsizliyi dərindən öyrənməyə çalışmışam. Sonralar təcrübəm və məsuliyyətim artdıqca yaratdığım proqram sistemlərinin təhlükəsizliyini bütün addımlarda təmin etməyə ehtiyac yaranırdı. Böyük sistemləri qurarkən mütləq təhlükəsizlik məsələlərinə ciddi nəzər yetirmək lazımdır. Ona görə mən kibertəhlükəsizliyin “Software Security” hissəsi ilə daha yaxından çalışıram. Fərqli bucaqdan baxsaq, bu istiqamət, ümumiyyətlə, proqram mühəndisliyinin tərkib hissəsidir.
Yuxarıda qeyd etdiyim kimi proqramlaşdırmanın fərqli sahələri ilə məşğul olma şansı, ətrafımda Ramin müəllim kimi insanların olması, valideynlərim, bu sahədə daim yeniliklərin olması məni proqram mühəndisliyi ilə daim məşğul olmağa ilhamlandırır. Ümumiyyətlə, İT sahəsi elə bir sahədir ki, burada biz hər zaman tələbəyik, daim öyrənməkdəyik. Daim öyrənmə, daim araşdırma istəyi məni bu sahə ilə məşğul olmağa hər zaman həvəsləndirir.
2. Təcrübənizdə kibertəhlükəsizliklə bağlı qarşılaşdığınız ən böyük problemlər hansılardır və onların öhdəsindən gəlmək üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
Mənim müşahidəm onu göstərir ki, bir çox mühəndislər, menecerlər, rəhbər işçilər, ümumiyyətlə, informasiya təhlükəsizliyinin təməl məsələlərinə əməl etmirlər və ya onu doğru anlamırlar. Bir çoxları məsələyə dar çərçivədən baxırlar.
Məsələn, düşünürlər ki, proqram təminatı hazır olduqdan sonra hansısa bir şirkətə və ya bir nəfər mütəxəssisə nüfuzetmə testini (penetration testing) həvalə edib onun tövsiyələrini dinləməklə sistemin təhlükəsizlik məsələsi həll olunur. Əslində isə məsələ bu qədər sadə deyil. Proqram təminatının biznes tələbləri yazılmağa başlayan andan - SDLC-nin (Software Development Life Cycle) hər bir addımında təhlükəsizlik məsələləri nəzərə alınmalıdır.
Bir neçə il bundan əvvəl bir quruma konsultasiya xidməti göstərirdim. Təşkilat, sistemləri hazırlayarkən sistemə olan potensial yüklənməni nəzərə almır və hətta sonradan da yüklənmə həddini ölçmür. Tutaq ki, həmin təşkilatın marketinq komandası ciddi bir büdcə sərf edərək yaxşı kampaniya keçirdi və müştərilər axışmağa başladı. O zaman nə baş verəcək. Sistem yüklənəcək və tədricən çökəcək və beləliklə, lazım olan xidməti göstərə bilməyəcək. Burada ilk olaraq əlçatanlıq prinsipi pozulmuş olur. Digər tərəfdən, müştəriyə söz verilən xidmət çalışmadığı üçün şirkət nüfuzdan düşəcək. Nüfuzdan düşdükdən sonra müştərini geri gətirmək daha çətindir, həmçinin marketinq üçün xərclənən büdcə boşa getmiş olacaq. Belə bir sadə nümunədən gördüyünüz kimi, çox kiçik bir məsələdə diqqətsizlik və ya maarifsizlik biznes üçün böyük fəsadlar törədə bilir. Bu cür riskləri əvvəlcədən mütləq hesablamaq lazımdır.
Belə nümunələri çox sadalamaq olar. Bu problem təkcə Azərbaycanda və kiçik təşkilatlarda baş vermir, dünyanın bir çox ölkələrində, ən məşhur və qabaqcıl şirkətlərdə də oxşar problemlər mövcuddur. Bunun həlli üçün kibertəhlükəsizlik üzrə maarifləndirmə praktik şəkildə, hər bir vəzifənin öhdəliklərini göstərməklə, riskləri izah etməklə aparılmalı olduğunu düşünürəm, lakin bu elə də asan məsələ deyil.
3. Qlobal kibertəhlükəsizlik ekosisteminin son bir neçə il ərzində inkişafını necə qiymətləndirir və gələcəkdə hansı tendensiyaların formalaşacağını proqnozlaşdırırsınız?
Bildiyiniz kimi, son bir neçə ildə daha güclü kompüterlər peyda olub, Web 2.0-ın gəlməsi ilə internet aləmində datanın həcmi xeyli artmış, datanı yaratmaq, datanı əldə etmək olduqca asanlaşmışdır. Bu da ona gətirib çıxardı ki, statistik hesablamalara əsaslanan maşın öyrənməsi, neyron şəbəkələrə aid alqoritmlər ciddi praktik nəticələr verməyə başladı. Hal-hazırda süni intellekt dedikdə demək olar ki, yalnız maşın öyrənməsi və dərin öyrənmə, eyni zamanda onlara əsaslanan texnologiyalar nəzərdə tutulur.
Süni intellekt sistemləri insanın görə bilmədiyi, klassik alqoritmlərin həll edə bilmədiyi anomaliyaları görə bilir. Son zamanlar yaradılmış İDS (intrusion detection system), İPS (intrusion prevention system), SİEM və bir sıra təhlükəsizlik həlləri süni intellekt sayəsində daha da effektiv nəticələr göstərir. Bir sıra həllər var ki, süni intellekt sayəsində proqram kodlarında təhlükəsizlik boşluqlarını tapır və proqramçıları əvvəlcədən xəbərdar edir. Digər tərəfdən isə süni intellekt sistemləri, həm də yeni təhlükələrin yaranmasına yol açır. Hal-hazırda virus yaradan, sistemləri sındıran, fişinq hücumlarını daha inandırıcı edən, saxta xəbərlər yaradan və yayan süni intellekt sistemləri də vardır. Süni intellektin faydası qədər zərərləri də az deyil. Ona görə də süni intellekti yaxşı-yaxşı öyrənmək lazımdır və onu nə zaman, hansı istiqamətdə işlətməyi hər bir ölkə yaxşı mənimsəməlidir.
4. Kibertəhlükəsizlik sahəsində uğurlu karyera qurmaq, peşəkar olmaq istəyənlərə nə məsləhət görərdiniz?
Bir neçə il fərqli universitetlərdə tədrisetmə təcrübəm, dünyanın aparıcı şirkətlərinə namizədlərin müsahibələrində iştirak etməyim və fərqli tədbirlərdə tələbələrlə, yeni məzunlarla müzakirələrim zamanı onu müşahidə edirəm ki, bir çox gənclər təməl prinsiplərə çox da önəm vermir, trenddə olan texnologiyaları öyrənməyə daha çox can atırlar. Məsləhətim budur ki, gənclər mütləq təməl məsələlərə də diqqət ayırsınlar.
Yaxşı təhlükəsizlik mühəndisi olmaq üçün alqoritmləşdirməni, data strukturlarını, relyasiya cəbrini, əməliyyat sistemlərinin necə çalışmasını, kompüterin necə çalışdığını, RAM-da yaddaşın necə təşkil olunması, ünvanlamanın hansı prinsipə uyğun aparılması, prosessorun necə işləməsi, şəbəkənin necə işlədiyi və s. kimi təməl biliklərə mütləq yiyələnmək lazımdır. Ümumiyyətlə bu biliklər İT sahəsində uğurlu karyera qurmaq istəyən hər kəsə vacibdir.
Hər hansı bir texnologiyaya fokuslanmaq və bütün karyeranı onun üzərində qurmaq indiki zamanda çox təhlükəlidir. Məsələn, ÖzünÖyrən şirkəti üçün front-end development namizədlərini müsahibə edərkən tez-tez müşahidə edirəm ki, insanlar yalnız bir texnologiyanı, xüsusilə React-ı bilir və ona fokuslanıblar. Brauzerin necə çalışdığını, HTTP protokolunu, brauzerin səhifələri render etmə prinsiplərini, JavaScript dilinin incəliklərini və s. isə, ümumiyyətlə, bilmirlər. React bir neçə il bundan əvvəl çıxıb. Necə sürətli şəkildə peyda olub, inkişaf edibsə, eyni sürətlə aktuallığını itirə də bilər. Bu cür hadisələr proqramlaşdırma dünyasında tez-tez baş verir.
Belə olduqda həmin mühəndis də iş tapmaq imkanlarını itirmiş olacaq. Bunun baş verməməsi üçün sahəsinə aid təməl biliklərə yiyələnmək vacibdir. Bu halda yeni texnologiyaları mənimsəmək də asan olur. Təməl güclü olanda onun üzərində çox şey inşa etmək mümkündür. Təməl bilikləri olmadan bir texnologiyanı öyrənənləri artıq GenAI sistemləri əvəz etməyə başlayıb. Kanadada proqramlaşdırma sahəsində iş axtaran yeni məzunlar böyük bir çətinliklə üzləşiblər. Bu problem tezliklə ölkəmizə də gələcək.
Təhlükəsizlik sahəsində çalışan bir sıra mütəxəssislərlə görüşlər zamanı müşəhidə etmişəm ki, penetrasiya testi üçün bir neçə aləti mənimsəyiblər və alətin, həqiqətən, nə iş görməsi ilə dərindən maraqlanmayıblar. Belə olduqda o alətlərin verdikləri hesabatların nə dərəcədə faydalı olduğunu təyin etməkdə çətinlik çəkəcəklər. Burada məsələ heç o alətlə bitmir. Hesabatda göstərilən risklərin həmin təşkilata vura biləcəyi ziyan nədən ibarətdir? Həqiqətən, təşkilat o riskin qarşısının alınması üçün resurs xərcləməlidirmi? Resurs xərcləsə nə udacaq, xərcləməsə nə itirəcək? Yəqin ki, bu suallar bir növ biznesə aid səslənir. Elə isə bu da növbəti məsləhətim, ümumiyyətlə, həm kibertəhlükəsizlik mütəxəssisləri, həm də proqram mühəndisləri biznes biliklərini də öyrənməli, şirkətin idarəedilməsi, maliyyələşməsi mexanizmlərini başa düşməlidirlər ki, onların yoxladıqları və ya yaratdıqları sistemlərin şirkətə fayda və ziyanlarını anlaya bilsinlər. Bu mövzuya, əksər hallarda, mühəndislər tərəfindən diqqət edilmir, lakin olduqca vacib mövzudur.
5. Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosisteminin daha da gücləndirilməsi üçün tövsiyələriniz varmı?
Son zamanlar Azərbaycanda kibertəhlükəsizlik sahəsinə həm dövlət qurumlarının, həm də özəl sektorun xüsusi diqqətini müşahidə edirəm. Onlara cavab olaraq, əmək bazarının tələbatını ödəmək üçün ali təhsil ocaqları və təlim mərkəzləri də bu sahəyə ciddi önəm verir. Zənnimcə, bu çox yaxşıdır.
Lakin, burada çatışmayan bir məsələ var. Əslində, bu barədə mən 2013-cü ildə bir konfrans məqaləmdə qeyd etmişdim. Elm-Təhsil-Sənaye üçbucağını qurmaq yaxşı olardı. Konkret nümunələrlə izah etməyə çalışacam. Məsələn, sənayenin kadr potensialı üzrə öz tələbləri var. Bu tələblər xaric ilə çox da fərqlənmir. Amma bu tələblərin ciddi şəkildə yoxlanması, tələblər üzrə kompetensiyaların müəyyənləşdirilməsi, daim yenilənməsi, formalaşdırılması ilə tədqiqatçılar məşğul ola bilərlər. Bu araşdırmanın nəticəsində təhsil sistemi öz planlamasını və kadr hazırlığı proseslərini səmərəli edə bilər. Belə olarsa, elm sahəsi təhsil üçün, təhsil sənayə üçün, sənaye də yenidən elm üçün fayda vermiş olur. Qeyd etdiyim məsələ ilə bağlı təkliflərimi vermişəm və ümid edirəm ki, AzTU-da gələn semestr magistrlarla bu istiqamətdə çalışacağıq.
Cənubi Koreyadan real nümunə göstərim. Çalışdığım Samsung Electronics şirkəti öz ehtiyacı olan bir sıra problemlərin həllini tapmaq üçün Koreyanın elm ocaqlarındakı alimlərə sifarişlər verir. Bunu formallıq üçün etmirlər. Həqiqətən, həmin alimlər Samsungun ehtiyaclarını ödəyə bilir. Alimlər bu işləri yerinə yetirmək üçün öz magistr və doktorantlarını da cəlb edirlər. Həmin magistr və doktorantlar real tətbiqi olan məsələlər üzrə elmi-tədqiqat aparmaq şansı əldə edir, həmçinin şirkətlərlə əməkdaşlıq etməyə başlayırlar. Nəticə etibarı ilə Samsungun elmi araşdırması yerinə yetirilir, gənc tədqiqatçılar tətbiqi olan elmi-araşdırmalar edir, bu araşdırmaların nəticəsində xeyli elmi məqalələr və patentlər dərc olunur. Beləliklə, elm, təhsil və sənaye sinerjisi əmələ gəlmiş olur. Məsələn, bir azərbaycanlı dostumuz Koreya Universitetində oxşar prosesin iştirakçısı olmuşdur. Onun “Bulud təhlükəsizliyi” üzrə araşdırmalarını, əslində, Koreyanın məşhur telekommunikasiya şirkəti onun elmi rəhbərinə sifariş etmişdi. Həmin dostumuzun magistr işi bu məsələ barədə idi. Araşdırmanın nəticəsində bir neçə elmi məqalə dərc edilmiş və patentlər qeydiyyata düşmüşdü. O patentlərin bir hissəsi sonra ABŞ-da da qeydiyyatdan keçmişdi. Hal-hazırda bir sıra dünya şirkətləri həmin elmi araşdırmadan yararlanır.
Sizcə, ölkəmizdə şirkətlər öz problemlərini həll etmək üçün neçə universitetə və ya elmi-təqiqat institutuna sifariş verərlər? Onlara praktik nəticələr əldə edəcəklərinə görə inanarlarmı? Məncə, ölkə olaraq bu məsələ üzərində çalışmalıyıq. Bizim bu məsələdə potensialımız böyükdür. O potensialı real nəticəyə çevirmək lazımdır.
6. Kiber diasporanın gücləndirilməsi üçün nə məsləhət görərdiniz?
AKTA-nın kiber diaspora mövzusuna önəm verməsini, son kiberforumda ayrıca panel ayırmasını çox müsbət qarşılayıram. Ayrıca, mənə də bu panelin moderatoru olmaq şansını verdiyiniz üçün təşəkkür edirəm.
Paneldə də qeyd edildiyi kimi, məncə kiber diasporanın güclənməsi üçün ilk olaraq onun dayanıqlı olması vacibdir. Onun dayanıqlı olması üçün isə onun hansısa bir funksional vəzifələri olmalıdır. Mənim nəzərimdə AKTA-nın yaratdığı kiber diaspora bu sahə üzrə konsultantlar toplusudur. Üzvlərin bilik və bacarıqlarından ölkədəki layihələr üçün istifadə etmək, məncə, hər bir üzv üçün həm maraqlı olar, həm də qürurverici olar.
Çox sadə bir nümunə deyim. Kiberforuma dəvət olunmamı işdə danışanda həm rəhbərlik, həm də işçilər təəccüb etdilər. Hər kəs Azərbaycanın xaricdəki mütəxəssislərinə verdiyi qiymətdən söz açmağa başladı. Bizim ofisdə dünyanın bir çox yerindən - ABŞ, Kanada, İngiltərə, Belçika, Koreya, Çin, Yaponiya, Misir, İran, Rusiya, Ukrayna, Almaniya, Meksika, Braziliya və bir sıra digər ölkələrdən gəlmiş mütəxəssislər var. Onların hamısı üçün bu vəziyyət olduqca maraqlı idi. Təbii ki, mənim üçün də bu qürurverici haldır. Təsəvvür edin, yalnız konfranslara dəvət deyil, həm də konkret layihələrə cəlb olunmaq üçün tez-tez həmyerlilərimizə dəvətlər gəlir. Bu, onlar üçün qürur mənbəyi olacaq. Digər tərəfdən də onlar xaricdə topladıqları təcrübəni vətənimizdə tətbiq edəcəklər. Məncə, belə bir mexanizm qurularsa, kiber diaspora daha dayanıqlı və güclü olar.
Bu müsahibəyə şərait yaratdığınız üçün təşəkkür edirəm.