Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası Estoniyanın Tallinn şəhərində keçirilən 11-ci Elektron İdarəetmə Konfransında iştirak edib.
Tədbir çərçivəsində baş tutan sessiyalarda rəqəmsal strategiyaların davamlı inkişaf məqsədləri ilə uyğunlaşdırılması, süni intellektin etik və səmərəli tətbiqi, eləcə də strateji idarəetmə və rəqəmsal innovasiyaların iqtisadi artım və ictimai sektorun inkişafındakı rolu müzakirə olunub.
Konfransa qatılan AKTA-nın beynəlxalq əlaqələr üzrə kordinatoru Nigar Cavanşirzadə tədbir zamanı müxtəlif mövzuların müzakirəsində iştirak edib. Bu müzakirələrdə dövlət və özəl sektor arasında sıx əməkdaşlıq, kibertəhlükəsizlik sahəsində dayanıqlığın artırılması və digər bu kimi istiqamətlərdə fikir mübadiləsi aparıb. Tədbirdə Şərqi Tərəfdaşlıq ölkələrində mümkün layihələrin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, e-İdarəetmə Akademiyası (eGA) tərəfindən təşkil olunan tədbir zamanı dünyanın 80-dən artıq ölkəsindən 600-dən çox rəqəmsal inkişaf mütəxəssisi, siyasətçi və ekspert bir araya gəlib. “Baytdan Faydaya” (“From Bytes to Benefits”) mövzusunda olan konfrans zamanı əsas diqqət rəqəmsal transformasiyanın iqtisadi və sosial təsirlərinə yönəlib.