image

AKTA-nın “Həllər, texnologiya və innovasiyalar komitəsi”nin ilk iclası baş tutub

20.06.2024

AKTA-nın “Həllər, texnologiya və innovasiyalar komitəsi”nin ilk iclası baş tutub

14 iyun tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Həllər, texnologiya və innovasiyalar komitəsi”nin iclası baş tutub. İclas AKTA-nın üzvü olan “Azercell” şirkətinin ofisində keçirilib.

Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) yerli həllərin, texnologiya, innovasiya və startapların öyrənilməsi, onların təşviqi, təcrübə mübadiləsi və dəstəklənməsini təmin etmək məqsədilə yaradılan ekspert komitəsinin ilk iclasında AKTA-nın inzibati heyəti, AKTA-nın üzv şirkətlərinin, o cümlədən “Azercell” şirkətinin nümayəndələri və AKTA üzvü olan fərdi ekspertlər iştirak edib.

“Azercell” şirkətinin Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov iclas iştirakçılarını salamladıqdan sonra AKTA İdarə Heyətinin sədri Elvin Balacanov iclası giriş sözü açaraq kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti nəzərə alınmaqla AKTA tərəfindən yaradılmış ekspert komitələri barədə ümumi məlumat verib. AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov tərəfindən sözügedən ekspert komitəsinin yaradılmasını şərtləndirən amillər və komitənin məqsədi barədə məlumat verilib.

Daha sonra, müvafiq sahə üzrə mövcud problemlər və onların mümkün həlli yolları, eləcə də ekspert komitəsinin fəaliyyət istiqamətlərinə dair komitə üzvləri arasında müzakirələr həyata keçirilib. Beləliklə, komitə tərəfindən müvafiq sahə üzrə aşağıdakı istiqamətlərə dair fəaliyyətin həyata keçirilməsi məqsədəuyğun hesab olunub:

·                        Yerli həllərin və texnologiyaların yaradılmasına dəstək verilməsi;

·                        Yerli məhsulların qlobal bazara çıxışının dəstəklənməsi;

·                        Rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə təhlillərin aparılması və təkliflərin hazırlanması;

·                        Üzvlər arasında təcrübə və ideya mübadiləsinə, habelə mümkün sinerjilərin qurulmasına dəstək verilməsi;

·                        Sahə üzrə müvafiq dövlət qurumları və subyektlərlə əlaqələrin yaradılması və müzakirələrin aparılması;

·                        İnnovativ layihələr, o cümlədən startaplardan istifadə imkanlarının araşdırılması və təkliflərin verilməsi;

·                        Startapların təhlili və təşviqinin dəstəklənməsi;

·      Sahənin innovativ sektorları (bulud texnologiyaları, süni intellekt, robot texnologiyaları, İoT və s.) üzrə maraqlı tərəflər arasında kommunikasiyanın yaradılması;

·                        İctimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi;

·                        AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına töhfə verilməsi.

 

İclas zamanı, həmçinin ekspert komitəsinin sədr və katibinin müəyyən edilməsi üçün komitə üzvləri arasında səsvermə keçirilib. Səsvermə əsasında, “Digital Umbrella” şirkətinin təsisçisi və baş icraçı direktoru Ulduzə Xəlilova komitənin sədri, “Karmasis Azərbaycan”ın baş meneceri Berna Baysal isə komitənin katibi vəzifəsinə seçilib.

Qeyd edək ki, AKTA İdarə Heyətinin qərarı ilə yaradılmış ekspert komitələri aidiyyəti sahələr üzrə məlumatların paylaşılması, məsələ və problemlərin müzakirə edilməsi, təklif, tövsiyə və sənədlərin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi məqsədilə AKTA üzvü olan hüquqi şəxsləri təmsil edən ekspertlər və müstəqil AKTA ekspertlərindən ibarət olmaqla müxtəlif mövzular, sektor və texnoloji domenlər üzrə formalaşdırılıb. Komitələrin qərarları və təklifləri AKTA-nın fəaliyyətində nəzərə alınır və təqdim edilən təklif və tövsiyələrin əsasını təşkil edir.

Ətraflı: https://akta.az/az/committees