Regionda kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsini şərtləndirir

14.09.2023

Regionda kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsini şərtləndirir

Bu sözləri cari ilin 13 sentyabr tarixində AKTA İdarə Heyətinin sədri Elvin Balacanov Qazaxıstanın Almatı şəhərində keçirilən və 3000 nəfərdən çox yerli və xarici mütəxəssis və ziyarətçinin iştirak etdiyi “KazHackStan 2023 – Turan 2023” konfransında (https://kazhackstan.com/en) baş tutmuş plenar sessiyada çıxış edərkən deyib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları ilə birgə tədbirdə iştirak edən AKTA sədri baş tutmuş plenar sessiyada təqdimatla çıxış edərək iştirakçıları Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi barədə məlumatlandırıb və kibertəhlükəsizliyin, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması məqsədilə hüquqi, təşkilati və texniki sferalarda Azərbaycanda atılmış addımlar barədə məlumatlandırıb. Ölkəmizin yeni qəbul olunmuş informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair strategiyasının əsas komponentləri, həmçinin beynəlxalq reytinqlərdəki mövqeyimiz, habelə müvafiq sahədə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə həyata keçirilmiş fəaliyyətə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə də, regionda kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyü AKTA sədri tərəfindən qeyd olunaraq, bu istiqamətdə də artıq bir sıra dəstəkverici addımların atıldığı bildirilib. Daha sonra, E. Balacanov tərəfindən ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində əldə edilmiş təcrübəyə dair konfrans iştirakçılarının sualları cavablandırılıb.

Məlumat üçün qeyd edilməlidir ki, xarici və yerli qurum və şirkətlərin nümayəndələrinin, o cümlədən beynəlxalq mütəxəssislərin cəlb olunduğu “KazHackStan 2023 – Turan 2023” tədbiri Qazaxıstanın, o cümlədən Mərkəzi Asiyanın ən böyük kibertəhlükəsizlik xidməti provayderlərindən biri olan TSARKA-nın (“Kiberhücumların təhlili və araşdırılması mərkəzi”, https://cybersec.kz/en) təşkilatçılığı ilə baş tutur. 15 sentyabr tarixinədək davam edəcək tədbir çərçivəsində kibertəhlükəsizlik üzrə aidiyyəti mütəxəssislərin çıxışı, innovativ həll və texnologiyaların təqdimatı və müvafiq sərgi, eləcə də “KiberKümbəz” - komandalar şəklində kibertəhlükəsizlik sahəsində yarışların həyata keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur 2022 - 2024