Qərbi Kaspi Universitetində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi çərçivəsində sonuncu seminar keçirilib.
Seminarda layihə rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Təbriz Cəfərov hibrid təhdidlərin yaratdığı risklər və onların aradan qaldırılması üzrə hüquqi-praktik yanaşmalar barədə çıxış edib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov AKTA-nın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət və maarifləndirici təşəbbüslər haqqında məlumat verib.
AKTA ekspertləri – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Lalə Kərimova, Rəşad Əliyev transmilli internet korporasiyalarının təhlükəsizlik standartları və texniki tələbləri barədə təqdimat ediblər.
Tədbir zamanı tələbələr kibertəhlükəsizlik və hibrid təhdidlər sahəsində mövcud risklər, onlara qarşı effektiv yanaşmalar və müasir texnoloji həllər barədə məlumatlandırılıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.