image

Rauf Cabarov Maliyyə İnvestisiya Forumunda çıxış edib.

30.05.2025

Rauf Cabarov Maliyyə İnvestisiya Forumunda çıxış edib.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır” konsept mesajı ilə mayın 23-də baş tutub. Forumda ənənəvi mövzular ilə yanaşı yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri və maliyyə sektorunda kibertəhlükəsizlik kimi aktual mövzular da müzakirə olunub.

 

Forum çərçivəsində AKTA-nın icraçı direktoru Rauf Cabarov məruzəçi olaraq, çıxış edib. Onun “Rəqəmsal və kibertəhlükəsiz: investisiyanızın güvənli gələcəyi” adlı təqdimatında maliyyə və investisiya sektoru, xüsusilə kripto bazarlarda baş verən kiber hadisələr və onların səbəbləri təhlil edilib. O, beynəlxalq təşkilatların maliyyə sektoru üçün kibertəhdidlərin artan tempi barədə  proqnozlarına əsaslanmaqla bu sahələrdə inkişaf edən rəqəmsallaşma ilə paralel kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. 

 

Onun sözlərinə görə artan təhdidlər ilə yanaşı investisiya sektoru üçün müəyyən üstünlüklər də vardır. Belə ki, bir çox hallarda kiber yollarla həyata keçirilən maliyyə fırıldağçılığı ilə insanların bank kartlarında olan sərbəst vəsaitlər ələ keçirilir. İnvestisiya sektorunda isə bu tamamilə fərqlidir. O, qeyd edib ki, hesablarda saxlanılan vəsaitlər investorların mülkiyyəti kimi qorunur və bu vəsaitlər qiymətli kağızlara yatırıldığı üçün onların üçüncü tərəflərin qurbanı olması ehtimalı dəfələrlə azalır. Həmçinin, R.Cabarov qeyd etmişdir ki, investorların maliyyə və rəqəmsal savadlığının yüksək olması və hesablarında çox faktorlu müdafiənin tətbiqi kiber riskləri minimuma endirir. Bununla belə, Rauf Cabarov gələcəkdə blokçeyn və süni intellek texnologiyalarının inkişafı və kripto bazarın genişlənməsi ilə kibertəhdidlərin arta biləcəyini istisna etməyib. 

 

Qeyd edək ki, forum Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və “Facemark” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.