24 fevral tarixində Qərbi Kaspi Universitetinin təşkilatçılığı və AKTA-nın tərəfdaşlığı ilə “Gələcəyin Şifrinin Açılması: Süni İntellekt, Təhlükəsizlik və Rəqəmsal Keçid” mövzusunda simpozium keçirilib. Tədbir süni intellektin inkişafı, kibertəhlükəsizlik çağırışları və rəqəmsal transformasiya istiqamətlərinin müzakirəsi üçün önəmli platforma olub.
Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov rəqəmsal dövrdə ali təhsilin rolu və innovasiya-təhlükəsizlik balansının əhəmiyyətini vurğulayıb. Fulbright proqramı çərçivəsində dəvət olunmuş professor Gene Tsudik süni intellekt sistemlərində təhlükəsizlik və məxfilik məsələlərindən bəhs edib. O, universitetdə iki həftəlik kurs keçərək tələbələr və AKTA ekspertləri ilə praktiki bilik və təcrübəsini bölüşüb.
AKTA-nın icraçı direktoru Rauf Cabarov süni intellektin kibertəhlükəsizlik ekosistemində rolu, kadr hazırlığı, süni intellektin ümumi iqtisadiyyata və cəmiyyətə təsiri və ölkəmiz üçün perspektivlərdən danışıb, bu istiqamətdə işlərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin müxtəlif ali təhsil müəssisələrini təmsil edən akademik nümayəndə heyətləri iştirak edib, professor-müəllim heyəti və tələbələr müzakirələrə fəal qoşulublar. Sonda gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.