Fevralın 13-də Mingəçevir Dövlət Universiteti (MDU) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və AKTA-nın tərəfdaşlığı ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu - 2026” keçirilib. Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunan forum ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovasiya və universitet-sənaye əməkdaşlığı mövzularına həsr edilib.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, 29 ali təhsil müəssisəsinin nümayəndələri, 36 ümumtəhsil və peşə təhsili müəssisəsinin rəhbərləri, eləcə də 24-dən çox şirkət və təşkilatın təmsilçiləri iştirak ediblər. İştirakçılar arasında AKTA-nın üzv şirkətləri və ekspertləri yer alıb.
Forum çərçivəsində, AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək rəqəmsal transformasiya dövründə kibertəhlükəsizliyin təhsil sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıb. O bildirib ki, ali təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi, praktik bacarıqlara əsaslanan tədris modelinin tətbiqi və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Rauf Cabarov süni intellektin təhsilə təsiri məsələsinin yaxın dövrlərdə çox vacib mövzu olacağını və ali təhsil müəssisələrinin bu sahəyə xüsusi diqqət ayırmalı olduğunu vurğulayıb.
Eyni zamanda, forum çərçivəsində AKTA-nın üzv şirkəti olan AREA Mühəndislik Akademiyası və MDU arasında əməkdaşlıq memorandumu imzalanıb, “MegaSec” MMC tərəfindən isə vörkşop təşkil edilib. O cümlədən, panel müzakirələrində AKTA ekspertləri Teymur Hacıyev və Toğrul Vəlibəyli də iştirak edərək ali təhsildə rəqəmsallaşma, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması və beynəlxalq standartlara uyğun keyfiyyət yanaşmaları barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, AKTA-nın tərəfdaşlığı ilə keçirilən forum təhsil sektorunda rəqəmsal təhlükəsizlik və innovasiya gündəliyinin gücləndirilməsi istiqamində mühüm addım kimi qiymətləndirilib.