AKTA tərəfindən təşkil edilən kiber yay məktəbinin iştirakçıları arasında bilik yarışı və yay məktəbinin bağlanış tədbiri keçirilib.

30.07.2023

AKTA tərəfindən təşkil edilən kiber yay məktəbinin iştirakçıları arasında bilik yarışı və yay məktəbinin bağlanış tədbiri keçirilib.

29 iyul tarixində Bakı Ali Neft Məktəbində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin iştirakçıları arasında bilik yarışı və yay məktəbinin bağlanış tədbiri baş tutub. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Azerconnect MMC”, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə 24-29 iyul tarixlərində baş tutan yay məktəbinə cəlb edilmiş yeniyetmələrin və onların valideynlərinin iştirak etdiyi bağlanış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib.

Qeyd etmək lazımdır ki,  “Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilmişdir. Belə ki, yay məktəbində Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələr, o cümlədən  vətənimiz uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladları, ümumilikdə 125 iştirakçı cəlb edilib. 

Ödənişsiz əsaslarla ingilis dilində təşkil edilən beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb edilib. Bakı Ali Neft Məktəbində təşkil edilən təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertlər tərəfindən həyata keçirilmişdir. Ümumilikdə, yay məktəbində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarlar keçirilmiş, 29 iyul tarixində isə yay məktəbi iştirakçıları arasında bilik (“CTF”) yarışı təşkil olunmuşdur. Bağlanış tədbirinin sonunda bilik yarışının qalibi olan komandalar mükafatlandırılmış və yay məktəbinin iştirakçılarına müvafiq sertifikatlar təqdim olunmuşdur. 

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan yay məktəbi iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.

© Bütün hüquqlar qorunur 2022 - 2024