07.06.2024
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “III Milli Kibertəhlükəsizlik Forumu”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığını təmin edən ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” adlı panel müzakirəsi baş tutub.
“Code Academy”nin təsisçisi və baş icraçı direktoru Ülvi Aslanovun moderatorluğu ilə baş tutan panel müzakirələrində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev iştirak edib.
İlkin olaraq, panel iştirakçıları tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təhsil və tədrisin təşkili məqsədilə atılan addımlar, əldə edilmiş təcrübə və nailiyyətlər, eləcə də, kadr hazırlığının gücləndirilməsi məqsədilə beynəlxalq və yerli qurum, şirkət və təşkilatlarla həyata keçirilən əməkdaşlıq və aidiyyəti üzrə digər məsələlərə dair məlumatlar diqqətə çatdırılıb.
Forum iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanan və sual-cavab formatında davam edən panel müzakirələrində universitet-sənayə əməkdaşlığının gücləndirilməsinə diqqət çəkilib və əmək bazarı subyektləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əlaqədə olmasının mühümlüyü qeyd olunub. IT ilə bağlı bakalavr dərəcəsində olan ixtisasların daha çox spesifikləşdirilməsi nəticəsində əmək bazarı üçün daha ixtisaslaşmış kadrların hazırlanılmasına nail olunacağı qeyd edilib.
Habelə, panel iştirakçıları tərəfindən texnoparkların yaradılmasının vacib olduğu bildirilərək, ali təhsil müəssisələrində yaradılacaq texnoparkların kibertəhlükəsizlik ekosisteminə insan kapitalı baxımından da ciddi dəstək verəcəyi ifadə edilib. Bununla yanaşı, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil proqramının təkmilləşdirilməsi və dövrün tələblərinə uyğunlaşdırılması, bunun üçün aidiyyəti tərəflərin iştirakı ilə müzakirələrin aparılması, qabaqcıl beynəlxalq təcrübənin nəzərə alınması və tədris prosesinin dəyişən texno-dünyanın reallıqları fonunda təşkil edilməsi ilə əlaqədar bir sıra təklif və tövsiyələr səsləndirilib.
Əlavə olaraq, panel iştirakçıları tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı sertifikasiya proqramlarının həyata keçirilməsinin önəm və əhəmiyyəti vurğulanıb. Eləcə də, xarici əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin artırılması, həmçinin təhsilalanların cari sahədə qabaqcıl beynəlxalq sertifikatlar əldə etməsinə və beynəlxalq standartları mənimsəməsinə dəstəyin göstərilməsinin zəruri olduğu qeyd edilib.
Panel müzakirələri zamanı, həmçinin ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində milli kadr ehtiyatının tükənməzliyi və mühafizəsi, ölkə xaricinə “beyin axını”nın qarşısının alınması məqsədilə beynəlxalq şirkətlərin təcrübəsinin öyrənilməsi və yerli əmək bazarı ilə inteqrasiyanın intensivləşdirilməsinin önəmi vurğulanıb.
Bununla yanaşı, təhsilalanların kibertəhlükəsizlik sahəsində müsabiqə və yarışlara hazırlanması işinə yerli müəllim və mütəxəssislərlə yanaşı beynəlxalq nüfuzlu ali təhsil müəssisələrindən də müəllimlərin mentor qismində cəlb edilməsinin məqsədəuyğun olduğu bildirilib. Mövzu ilə əlaqədar panel işitrakçılarına sual ünvanlayan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən tələbələrin cari sahədə bilik və bacarıqlarının artırılmasına dəstək olmaq məqsədilə milli CTF platformasının yaradıldığı və ali təhsil müəssisələri üçün açıq və əlçatan olmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.