Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər başa çatıb

29.09.2023

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi çərçivəsində təlimlər başa çatıb

Layihənin sayca dördüncü və sonuncu təlim paketi 29.09.2023-cü il tarixində Cənubi Qafqazın ən böyük kibertəhlükəsizlik xidməti provayderlərindən olan “Cyberpoint” şirkətində iştirakçılara təqdim edilib.

Layihə rəhbəri Təbriz Cəfərovun layihə haqqında çıxışından sonra AKTA sədri Elvin Balacanov təlim iştirakçılarını Azərbaycanın kibertəhlükəsizlik ekosistemi və bu ekosistemin gücləndirilməsi məqsədilə ölkədə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumatlandırıb. AKTA sədri görülən işlərdən bəhs edərkən ölkənin müvafiq strategiyası və müəyyənləşdirilmiş prioritet istiqamətlər, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması məqsədilə hüquqi sferada atılmış addımlara dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra, araşdırmaçı jurnalist, sosial media eksperti Sənan Nəcəfov tərəfindən kiberməkanda saxta xəbərlər və dezinformasiyaya qarşı mübarizədə tətbiq olunan alət və mexanizmlər, xüsusilə də vizual materialların texniki üsullardan istifadə etməklə saxtalaşdırılmasının müəyyən olunması vasitələri barədə təlim keçirilib. Qeyd edilən təqdimatdan sonra isə İKT mütəxəssisləri Rəşad Əliyev və Rauf Cabarov saxta xəbərlərlə mübarizədə texniki imkanları, eləcə də media nümayəndələri üçün tövsiyələri ehtiva edən təqdimatla çıxış edib.

Kibertəhlükəsizliyin təmin olunmasının texniki və təcrübi aspektlərinə dair təlim işitirakçılarının suallarının cavablandırılması məqsədilə "Cyberpoint" şirkətinin direktoru Fuad Niftəliyev və İnformasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı tərəfindən şirkətin təqdim etdiyi kibertəhlükəsizlik xidmətləri, məhsul və həlləri, eləcə də texniki imkanları, o cümlədən şirkətin kibertəhlükəsizlik əməliyyatları mərkəzinin fəaliyyətinə dair ətraflı məlumat verilib.

Tədbirin sonunda təlimi müvəfəqiyyətlə başa vuran media nümayəndələrinə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutmuşdur.

© Bütün hüquqlar qorunur 2022 - 2024