13.09.2024
12 sentyabr tarixində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dərc olunmuş "Qlobal Kibertəhlükəsizlik İndeksi 2024" (Global Cybersecurity Index 2024, https://www.itu.int/en/ITU-D/Cybersecurity/Pages/global-cybersecurity-index.aspx) 194 ölkənin 20 indikator üzrə 83 sual ətrafında qiymətləndirilməsi əsasında hazırlanıb.
Qeyd etmək lazımdır ki, kibertəhlükəsizlik sahəsində 2020-ci illə müqayisədə dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib (Hazırda, qlobal orta göstərici 65.7 xaldır). Eyni zamanda, bu il 10-dan çox ölkə mümkün maksimum xal (100 xal) toplayıb (məsələn, Türkiyə, Birləşmiş Krallıq, BƏƏ, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar, Səudiyyə Ərəbistanı). Ümumilikdə, 47 ölkə 95-100 xal arası nəticə əldə edib.
Bu il ölkəmizin də kibertəhlükəsizlik indeksinin yüksəlməsi, 100 mümkün xaldan 93.76 xal toplaması və "təkmil səviyyə"də qərarlaşması (2020-ci ildə 89.31 xal toplanılmışdı) bu sahədə son illər ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusilə də, "Normativ hüquqi tənzimləmə" və "Əməkdaşlıq" sferasında tədbirlərlə bağlı meyarlar üzrə mümkün maksimum xal toplamağımız adıçəkilən sahələrdə həyata keçirilmiş tədbirlərin səmərəliliyinin təcəssümüdür. İTU-nun hesabatına görə, Azərbaycanda "Potensialın inkişaf etdirilməsi", "Texniki" və "Təşkilati" sferalarda tədbirlərlə bağlı meyarlar üzrə daha intensiv işlərin görülməsinə ehtiyac var.
Onu da qeyd edək ki, analoji beynəlxalq kibertəhlükəsizlik indeksinə -
Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən ölkələrin 49 indikator üzrə qiymətləndirilməsi əsasında hazırlanan
“Milli Kibertəhlükəsizlik İndeksi”nə (“National Cybersecurity Index”, https://ncsi.ega.ee/ncsi-index/) - görə ölkəmiz 70,83 xal toplayıb və hazıradək qiymətləndirilmiş 53 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Bu indeks üzrə heç bir ölkə mümkün maksimum xal (100 xal) toplamayıb və yalnız 20 ölkənin xalı 70-dən yuxarıdır.
Son illər ərzində kibertəhlükəsizlik sahəsində ölkəmizdə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində bu indeks üzrə də göstəricimiz xeyli yaxşılaşıb. Eyni zamanda, ölkəmizin bu indeks üzrə də mövqeyinin daha da yüksəlməsi üçün kibertəhlükəsizlik sferasında intensiv və əlaqələndirilmiş işlərin davam etdirilməsinə ehtiyac var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bildirdiyi kimi, "[t]exnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik."