Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Estoniya Elektron İdarəetmə Akademiyası(eGA)-ın tərədaşlığı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı” təşkil olunub. Tədbirə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndələr iştirak edib.
Zirvə Toplantısında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını İdarə Heyətinin sədri Pənah Musayev təmsil edib.
Zirvə Toplantısını açan XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov qonaqları salamlayaraq, çıxışında vurğulayıb ki, informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən Allahverən İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktura qarşı həyata keçirilib. O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk “Bug Bounty” proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb.
Sonda sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsident nümunələri, yeni tendensiyalar, təhlükələr və dövlət qurumlarının üzləşdiyi problemlər müzakirə olunub. Açıq debat iştirakçılara təcrübə mübadiləsi aparmaq və birgə həll yolları təklif etmək imkanı yaradıb.
“Dövlət qurumları İT rəhbərlərinin Zirvə Toplantısı” informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, yeniliklərin müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.