29 noyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsinin yekun tədbiri keçirilmişdir.
Tədbirdə universitetlərin, dövlət və özəl sektorun nümayəndələri, eləcə də layihənin hədəf auditoriyasını təşkil edən potensial benefisiar qruplar iştirak etmişdir. Görüş zamanı layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər, əldə olunan nəticələr və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılmışdır.
Layihə rəhbəri Təbriz Cəfərov tədbirdə layihənin yekunlarına dair geniş təqdimatla çıxış edərək aparılmış tədqiqatların əsas məqamlarını, hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə işin vacibliyini və təklif olunan praktiki həll mexanizmlərini iştirakçıların diqqətinə çatdırmışdır.